Şair-publisist, Azərbaycan Yazıçılar Birliyinin (AYB) və Azərbaycan Jurnalistlər Birliyinin (AJB) üzvü Təranə Dəmirin “Üşüyəndə özünü yandıran şair” adlı kitabı çap olunub.
Məcra.az xəbər verir ki, kitabda tanınmış şair, “Ulduz” jurnalının baş redaktoru Qulu Ağsəsin yaradıcılığının və fəaliyyətinin müxtəlif istiqamətlərindən bəhs edən yeddi məqalə toplanıb.
“Üşüyəndə özünü yandıran şair”, “Qulu Ağsəs, Tanrı və söz”, “Ulduz”un Qulu Ağsəs dönəmi”, “55 illik dostuma”, “Qulu Ağsəs və İlahi eşq!”, “Sözü özünə bənzəyən şair”, “Qulu Ağsəsin savaşdan çıxan şeirləri” adlı məqalələrdə müəllif Qulu Ağsəsin şeirlərinin məzmunu və bədii məziyyətləri barədə fikirlərini dolğun şəkildə ifadə edib.
Oxucu kütləsinə təqdim olunan bu kitabda Qulu Ağsəsin insani xüsusiyyətləri, şeirlərində olduğu qədər səmimi münasibəti və iş prinsipləri də diqqətə çatdırılıb.
Kitabın redaktoru AYB və AJB-nin üzvü Nəzirməmməd Zöhrablıdır. O, “Səmimiyyət dolu sətirlər” adlı ön sözdə “Üşüyəndə özünü yandıran şair” adlı nəşrin maraqlı tərtibatı, məqalələrin səmimiyyəti və Qulu Ağsəs yaradıcılığının yüksək keyfiyyətləri barədə söhbət açıb.
Qeyd edək ki, indiyə qədər Təranə Dəmirin “Uzaqlar”, “Daş arzular”, “Payız qadın”, “Sıfırdan əvvəl”, “Səssizliyin melodiyası”, “25-ci saat” adlı şeir kitabları və “Cəhənnəmdən gələn İşıq” adlı povest və hekayələr kitabı işıq üzü görüb. “Üşüyəndə özünü yandıran şair” müəllifin sayca səkkizinci kitabıdır.