Aparıcı Aytən Səfərova keçirdiyi avtomobil qəzasından sonra ilk dəfə açıqlama verib.
“Qafqazinfo” xəbər verir ki, o, yaydığı videomüraciətdə insidentdə günahkar olmadığını deyib: “Bir çoxları yazır ki, günah Aytən Səfərovadadır və məşhurdur deyə kadrlar ört-basdır edilir, bu iş sakit olacaq və s. Kadrları görmüşəm, mənim orada günahım yoxdur”.
A.Səfərova hadisə anını belə danışıb: “Səhər saat 7 radələrində işə gedirdim. 16 ildən çoxdur gedib-gəldiyim yoldur. 60-65 sürətlə neytral əraziyə yaxınlaşıram. Qarşıma da cip gəlir, nə gəlir. Qırmızı işıqda sürətlə dönməyi bir yana, hətta qazı basır, girir maşınım altına”.
Aparıcı qəza kadrlarının hələ də ona verilmədiyindən şikayətlənib: “O kadrları görmüşəm, istəyirəm siz də görəsiniz. Amma mən o kadrları ilk gündən əldə edə bilmirəm. Nə mən, nə də ailəm.Deyirlər, istintaq sirridir. Dövlət sirri deyil axı. Ana-balanı maşın vurur, bir-iki saata kadrlar yayılır. İstintaq gedə-gedə necə ictimailəşir? Ən azından mənə niyə verilmir? Adım niyə hallanmalıdır? O kadrları istəmək haqqımdır. Onları heç kim təqdim etmir”.
A.Səfərova məsələ ilə bağlı aidiyyəti qurumlara müraciət etdiyini əlavə edib.
O, qəzada vəfat edən Ayxana Allahdan rəhmət, yaxınlarına səbir diləyib: “Onların timsalında bir dost ailə qazandıq”.
Xatırladaq ki, qəza aprelin 17-də Xətai rayonunun 8 Noyabr prospektində qeydə alınıb. A. Səfərovanın idarə etdiyi “Hyundai” markalı avtomobillə digər minik avtomobili toqquşub. Nəticədə A.Səfərovanın idarə etdiyi avtomobil aşıb. O, ağır xəsarət alıb, xəstəxanaya yerləşdirilib. Digər avtomobildə olan 2005-ci il təvəllüdlü Ayxan Əliyev vəfat edib.