“Hər iki babamın Böyük Vətən Müharibəsində xidmətləri olub…”-Cəlilabad sakini

Xəbər verdiyimiz kimi bu gün faşizm üzərində qələbənin 79-cu ildönümü qeyd olunur. Böyük Vətən müharibəsi illərində Azərbaycan xalqı həm ön, həm də arxa cəbhədə çox böyük qəhrəmanlıq və şücaətlər göstərib.

Məcra.az-a açıqlamasında Cəlilabad sakini Orxan Aslanov hər iki babasının Böyük Vətən Müharibəsində şücaət göstərdiklərini və müxtəlif medallarla təltif olunduqlarını bildirib:

“Babam Aslanov Ağayar Xubiyar (Xubyar) 1931-ci ildə Cəlilabad rayonunda fəhlə ailəsində anadan olub. Natamam orta təhsil alıb. Kənd məktəbini bitirdikdən sonra kolxozda və 1946-cı ildən Cəlilabad rayonunda yerləşən stansiyada traktorçu işləyib. 1949-cu ildə xidmət etdiyi kolxozlarda 200 hektar sahənin hər hektarından 22,6 sentner buğda məhsulu tədarük edib.

SSRİ Ali Soveti Rəyasət Heyətinin 17 avqust 1950-ci il tarixli Fərmanı ilə kolxozlar kənd təsərrüfatı məhsullarının bütün növləri üzrə icbari tədarükləri və müqavilələri yerinə yetirdiyinə, yüksək buğda məhsulu əldə etdiklərinə, 1949-cu ildə MTS-in işinə görə natura şəklində ödənişin və 1950-ci ildə yazlıq əkin üçün bütün əkinlərin toxumla təminatına görə babam “Lenin” ordeni ilə təltif edilib. Bununla yanaşı, o, “Sosialist Əməyi Qəhrəmanı” fəxri adına və “Oraq və Çəkic” qızıl medalına layiq görülüb.  1954-cü ildə Sovet İttifaqında partiya sıralarına daxil olub. 1956-cı ildə 5-ci çağırış SSRİ Ali Sovetinin deputatı olub”.

 

Orxan Aslanov ata babası Ağayar Aslanovla əmioğlu olan ana babası Xudakərim Aslanovun da müharibədəki fəaliyyətindən danışıb: “Babam Xudakərim Aslanovun adı Dnepr çayı üzərindəki körpüdə qəhrəman kimi qeyd olunub. O, alman generalını Dnepr çayında təkbaşına əsir götürüb. Generaldan bir çox məxfi məlumatlar əldə edib və qəhrəman kəşfiyyatçı kimi adı tarixə düşüb. Bu gün mən babalarımla fəxr edirəm”.

Uğur

PAGE TOP