“Nəhayət ki, Şuşa şəhərinə ilk köç baş tutacaq. Bu tarixin isə böyük bir əhəmiyyəti var. Məhz 8 may 1992-ci ildə Şuşa şəhəri Erməni birləşmələri tərəfindən işğal edilmişdi.
Məcra.az-a açıqlamasında Xalq şairi Vahid Əziz rəqəmlərin simvolik olduğunu bildirib və bu münasibətlə xalqımızı təbrik edib:
“Bu rəqəmlər hamısı simvolikdi. Şuşa 8 mayda işğal edilmişdi, 8 mayda da ora qayıdırıq. Möhtərəm Prezidentimiz çox yaxşı deyirdi ki, “nəyi necə nə vaxt edəcəyimi mən yaxşı bilirəm”. Ona görə hər şeyi simvolik edir. Bu xalq dözümlü, igid xalqdır və düşmən görsün ki, bir də səhv edib bu xalqa qarşı səhv addım atmasın.
Ulduzumuz da 8 güşəlidir. Mayın 8-də fırıldaq edib Şuşanı işğal etdilər. Amma Allah hər şeyi gətirib yerinə qoydu. Bu köç ümummilli lider Heydər Əliyevin ad gününə möhtəşəm bir hədiyyədir. Mənim Şuşa şeirim var.
Orda yazıram ki:
Qəribə taleyli şəhərdi Şuşa,
Səkkizi getmişdi, səkkizi gəldi.
Coşdu “Xarıbülbül” laləyə qoşa,
Süsəni, sünbülü, nərgizi gəldi.
Hər daşı, çiçəyi, nəğmə-şeirdi,
Sınağa çəkəni “xeyirlə”, “şərdi”.
Zindanda lal olub qəribsəyirdi,
Özümə bülbülün nəğməsi gəldi…”.
Səbinə