Bu gün Azərbaycanın tanınmış şairi Qulu Ağsəsin doğum günüdür.
Məcra.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, onun 55 yaşı tamam olur.
Bu münasibətlə Qulu Ağsəsin iki şeirini təqdim edirik:
Mötərizə açılanda ağlayan,
bağlananda gülən…
bəşər –
heç vaxt indiki qədər
sadəlövh olmayıb, mən bilən…
Hələ tezdi,
vaxta var yəni:
əlli yaşdan sonra xəbər tutacaq qadın
əslində onu kimin sevdiyini…
Cin atında gəzmişəm dörd yanı,
ən təmiz yeri
zibil qablarıdı dünyanın…
Xanımlar və cənablar,
baxın,
diqqətlə baxın:
nökərin göz yaşı üzündən yox,
kürəyinin arasından axır…
Qorxudan rəngi ağappaqdı
yuxarıdan özünü atan hər nə var:
istər adam olsun,
istər yağış, qar…
Bir də bu kadrlar –
zəlzələdə
Allahın altından
Allahın üstünə qaçanların nidası,
ovucda partlayan
fişəngin əl vidası,
göy boyda yorğanın
yer boyda mitili,
vayfayla əkilən insan şitili…
Və bir də:
məni Günəşə gömərsiniz
gözümə yuxu getmir
soyuq yerdə…