Azərbaycan Respublikası Avropa və Avro-atlantik məkanda qeyri-sabitliyin, münaqişələrin və təhdidlərin aradan qaldırımlısında NATO ilə birgə işləyir və təhlükəsizliyin bölünməzliyi prinsipinə zidd coğrafi və siyasi ayrı-seçkilik olmadan Avropa və yerləşdiyi regionda vahid təhlükəsizlik sisteminin qurulması yükünü bölüşmək əzmindədir. Azərbaycan Respublikası Avro-atlantik Tərəfdaşlıq Şurası və NATO-nun “Sülh naminə tərəfdaşlıq” Proqramı çərçivəsində NATO ilə mümkün olan tərəfdaşlıq vasitələrindən tam gücü ilə istifadə edir.
1997-ci ildə həmçinin, Azərbaycan NATO-nun Brüsseldəki mənzil-qərargahında öz diplomatik nümayəndəliyini açıb. 1999-cu ildə Azərbaycan NATO-nun rəhbərliyi altında Kosovoda aparılan sülhməramlı əməliyyatlara yardımçı olmaq məqsədilə hərbi bölmə göndərib. 2006-cı ildə Bakıda NATO-nun məlumat mərkəzi fəaliyyətə başlayıb.
Prezident İlham Əliyevin cari ilin 17 mart tarixində NATO-nun Baş katibi Yens Stoltenberqin Azərbaycana səfəri ilə əlaqədar mətbuata verdiyi bəyanatdan göründüyü kimi, Azərbaycanın NATO ilə ən vacib əməkdaşlıq sahəsi “Sülh Naminə Tərəfdaşlıq” proqramı çərçivəsindədir. Hər il sözügedən proqram çərçivəsində Azərbaycan Silahlı Qüvvələrinin zabitləri 500-ə qədər təlim və seminarda iştirak edirlər.
Terrorçuluğa qarşı Tərəfdaşlıq Əməliyyat Planında iştirak edərək Azərbaycan terrorçuluğa qarşı mübarizəyə töhfə verir. Buraya NATO ilə kəşfiyyat və analitik məlumatların bölüşməsi və terrorçuluğa qarşı milli təlim imkanları və sərhədlərin və infrastrukturun təhlükəsizliyinin gücləndirilməsi sahəsində müttəfiq ölkələrlə əməkdaşlıq daxildir.
20 noyabr 2002-ci il tarixindən etibarən Azərbaycan Silahlı Qüvvələrinin sülhməramlı taborunun 22 nəfərlik heyəti Əfqanıstandakı əməliyyata cəlb olunmuşdur. 15 yanvar 2008-ci il tarixində Əfqanıstanda xidmət edən Azərbaycan hərbçilərinin sayı 45 nəfər çatdırılmış və 19 fevral 2009-cu il tarixində isə bu rəqəm daha iki dəfə artmışdır.
Azərbaycan NATO ilə terror təhlükəsi ilə bağlı kəşfiyyat mübadiləsi həyata keçirir, siyasi müzakirələrdə iştirak edir və milli qabiliyyətlərin inkişaf etdirilməsi sahəsində əməkdaşlıq həyata keçirir.
Ələkbər Dövlətov-Lənkəran Regional Qaz İstismar İdarəsinin
Cəlilabad xidmət sahəsi üzrə müavini