Lənkəran rayonu Məmməd Fərzullayev adına kənd tam orta məktəbində müəllim və şagird arasında gərginlik yaşandığı, şagirdin intihara cəhd etdiyinə dair məlumatlar yayılıb.
Belə ki, Əntiqə Bəyverdiyeva adlı ingilis dili müəlliminin V.Fərzullazadə adlı 6-cı sinif şagirdinə davamlı psixoloji təzyiq göstərdiyi, nəticədə şagirdin özünə qəsd etməyə çalışdığı bildirilir.
Məsələ ilə bağlı Globalinfo-a danışan şagirdin atası Emin Fərzullayev rayon prokurorluğuna məlumat verdiyini bildirib və hadisənin təfərrüatlarını açıqlayıb:
“Əntiqə Bəyverdiyevanın anası da həmin məktəbdə fiziki tərbiyə müəlliməsidir. Onun oğlu məktəbin VI sinfində mənim qızımla birlikdə təhsil alır. Bu ilin yaz aylarında müəllimin oğlu sinif nümayəndəsi idi. Lakin təxminən aprel ayında məktəb direktoru onu bu vəzifədən çıxarıb mənim qızımı sinif nümayəndəsi təyin edir. Həmin gündən bu yana aylardır müəllim qızıma psixoloji təzyiq göstərir, çox üstünə gedir. Sentyabr ayında isə məktəb direktorunun xəbəri olmadan qızımı sinif nümayəndəliyindən uzaqlaşdırıb. Artıq neçə müddətdir uşaq özündə deyil. Müəllim qızımı hətta məktəbdə öz ingilis dili qrupundan qovub, sinifdə olan 12 nəfəri ona qarşı qoyub. Şagirdlərin heç biri qızımla danışmır, ünsiyyət qurmurlar. Müəllim sinifdə şagirdlərin önündə tez-tez övladımı pisləyirmiş. Bunlar hamısı digər şagirdlərin ifadələridir. Rayon prokurorluğuna məsələ ilə bağlı məlumat vermişəm. Prokuror köməkçisi şəxsən qızımın özündən məsələ ilə bağlı izahat götürüb”.
Şagirdin atası qızının dırnaqları ilə qollarını deşərək özünə qəsd etmək istədiyini bildirib:
“İlk zamanlar qızım bizə bu barədə heç nə deməyib. Bir neçə gün öncə evdə deyildim, yoldaşım zəng edib qızımın vəziyyətinin yaxşı olmadığını bildirdi və təcili getməyimi istədi. Evə gələndə gördüm uşağın nəfəsi kəsilir, ağlayır. Nə qədər dərman verdik, əlimizdən gələni etdik, xeyri olmadı. Hətta direktora görüntülü zəng etdik, uşağı o da sakitləşdirə bilmədi. Qollarına baxdıq ki, qan içindədir. Dırnaqları ilə damarlarını deşməyə çalışıb. Nə olduğunu soruşanda intihar etmək istədiyini, müəllimənin onu bezdirdiyini dedi. İzahatda da qeyd etdi ki, müəllimə onu intihar həddinə çatdırıb, özündən asılı olmayaraq damarlarını deşməyə çalışıb”.
E.Fərzullayev qeyd edib ki, məsələ ilə bağlı Rayon Təhsil Şöbəsinə də müraciət edib. Cavabında isə prokurorluğun nəticəsindən asılı olaraq tədbir görülə biləcəyi qeyd olunub.
O, Ə.Bəyverdiyevanın fiziki tərbiyə müəllimi olan anasının məktəbdə qızının psixoloji sağlamlığının yerində olmadığına dair iddialar yaydığını söyləyib:
“Sonra məktəbdə valideyn iclası keçirildi, orada iştirak etdim. İclasda şagirdlər əvvəl heç nə demədilər, lakin sonra hər şeyi danışdılar. Eyni zamanda Ə.Bəyverdiyevanın anası olan fiziki tərbiyə müəlliminin dərsində onun oğlu qızımı sinifdən qovub. İndi hər iki müəllim qızımın psixoloji probleminin olduğunu iddia edirlər, məktəbdə də elə söhbət yayıblar. Qızım dərslərində yüksək nəticə göstərir, neçə müddət sinif nümayəndəsi olub. Özüm onu dekabrın 20-də nevropatoloqa, psixoloqa göstərdim, heç bir problemin olmadığını, son 2-3 ayda depressiyaya düşdüyünü dedilər. Nevropatoloq qızımın hər an özünə zərər verə biləcəyinə dair xəbərdarlıq etdi, hazırda psixoloqun nəzarəti altındadır”.
Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr sektorundan Globalinfo.az-a bildirilib ki, məsələ diqqətdə saxlanılır:
“Şagirdlərə qarşı hər növ şiddəti qınayırıq. Prosedura uyğun olaraq hüquq-mühafizə orqanlarına məlumat verildiyi zaman biz araşdırmanın nəticəsini gözləyirik. Nəticədən asılı olaraq rəsmi açıqlama veriləcəkdir. Həmçinin bu halda Regional Təhsil İdarəsində də mövzu ilə bağlı araşdırma aparılacaqdır”.