Cari il dekabrın 21-də xalqımız tarixi hadisəyə şahidlik etdi. Xankəndi stadionunda futbol üzrə Azərbaycan Kubokunun 1/8 final mərhələsində Ağdamın “Qarabağ” və Bakının MOİK komandaları qarşılaşdı. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva oyuna baxmaq müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçən Vətən övladlarının xatirəsinin bir dəqiqəlik sükutla yad olunması milli ruhumuzun təcəssümü idi.
Məncə, bu, təkcə futbol tarixinin yox, Azərbaycan tarixinin ən möhtəşəm günlərindən biridir. Amma mən bu idman qurğusunun tarixi haqqında bir neçə söz söyləmək istəyirəm. İlk dəfə Stalinin adını daşıyan stadionun inşasına 1955-ci ildə başlanılmış və 1956-cı ildə istifadəyə verilmişdir. 1991-ci ildən şəhərin tarixi adı qaytarıldıqdan sonra “Xankəndi şəhər stadionu” adına qayıdılmışdır.
Bu görüş unudulmaz və tarixi hadisə kimi xatirimizdə daim yaşayacaq. Həssas, göz yaşardan məqamlar oldu. Xankəndidə, “Qarabağ” – MOİK oyununun açılışında topa ilk toxunuşu Azərbaycan Prezidenti İlham Əliyev etdi. Bundan əvvəl isə çıxış edərək bildirdi ki, artıq sentyabr ayının 20-dən Xankəndi və digər bölgələrimiz separatçılardan azad olunub. Bu şəhər Azərbaycanın maliyyəsi ilə, Azərbaycan memarlarının əməyi sayəsində tikilib. Bu stadion da artıq təmir olunub, belə gözəl vəziyyətə gətirilib. “Qarabağ” – MOİK oyununun Xankəndidə keçirilməsinin dərin bir mənası var. “Qarabağ” Ağdamın, Qarabağın işğal altında olduğu dövrlərdə bütün dünyada Qarabağ adını yayıb və bizə qürur gətirən bir komanda olub. MOİK isə ordumuzun komandasıdır, yeni və gənc komandadır. “Qarabağ”la MOİK-in Xankəndidə çıxış etməsi tarixi və unudulmaz bir hadisədir.
Tarixi unutmamaqla həqiqətləri yaşadaq. İşğal edilmiş torpaqların böyük hissəsi üç il bundan əvvəl – İkinci Qarabağ müharibəsi nəticəsindəişğalçılardan azad edildi. Qarabağın tacı olan Şuşa şəhərində Bayrağımız qaldırıldı.
Müasir tariximizin Zəfər səhifələri bununla yekunlaşmır. Üç ay bundan əvvəl -sentyabrın 19-20-dəXankəndi, Xocalı, Əsgəran, Xocavənd, Ağdərə rayonları da işğalçılardan azad edildi. Oktyabrın 15-də bütün bu şəhərlərdə Azərbaycan Bayrağı ucaldıldı. Noyabrın 8-də Xankəndinin mərkəzi meydanında Zəfər paradı keçirildi. Xankəndi stadionu cəmi iki ay ərzində yenidən inşa edildi, əsaslı təmir olundu. Separatizm simvolikasını əks etdirən bütün yazılar tarixin zibilxanasına atıldı.
Bundan sonra biz bu stadionda çoxlu gözəl oyunların şahidi olacağıq. Çox arzu edirik ki, “Qarabağ”ın göstərdiyi gözəl oyun, qazandığı qələbələr digər komandalarımıza da sirayət etsin. Cənab Prezident bəyan etdi ki, Ağdamda “İmarət” stadionunun əsası qoyulacaq. Arzu edirik ki, həm Xankəndidə, həm də “İmarət” stadionunda Azərbaycan komandaları dünyanın məşhur futbol komandalarını qəbul etsinlər, tamaşaçılar isə böyük ruh yüksəkliyi ilə onları dəstəkləsinlər.
Bəhruz Fərəczadə,
Cəlilabad şəhər sakini, ictimai şura üzvü