Prezident İlham Əliyevin cari ilin 6 dekabr tarixində “Qarabağ: 30 ildən sonra evə dönüş. Nailiyyətlər və çətinliklər” forumunda çıxışından bir daha sübut olunur ki, əraziləri azad etmək ölkə rəhbərinin siyasi həyatının əsas məqsədini təşkil edir və bu məqsədlərə nail olunub.
Azərbaycan regiona sülhü müharibə ilə gətirib. Ölkəmiz sübut etdi ki, münaqişənin hərbi yolla həlli var. Sözügedən fakt Qafqazda lokal vəziyyətdən daha geniş şəkildə qiymətləndirilməli olan bir məsələdir. Münaqişə həll olunub. Münaqişə üç il əvvəl, biz işğal olunmuş ərazilərin böyük bir hissəsini azad edəndə həll olunmuşdu. Suverenliyimizin bərpası isə, sadəcə, zaman məsələsi idi.
Ermənistan tərəfindən belə tanınmayan qondarma “dağlıq qarabağ respublikası”nın qondarma müstəqil kvazi-dövlət kimi mövcud olmaq şansı heç zaman olmayıb. İki şans var idi – ya Azərbaycanın qalan hissəsi ilə inteqrasiya etmək, ya da tarixə qovuşmaq.
Sülh təklif edən tərəf məhz Azərbaycan olub. Otuz ildir işğala, dağıntılara, etnik təmizləməyə, soyqırımına məruz qalan və ərazisinin tamamilə dağıdılmasından əziyyət çəkən bir ölkə torpaqlarını beynəlxalq vasitəçilər olmadan məhz özü azad etdikdən dərhal sonra özü sülh təklif edib.
Prezident bir daha vurğulayıb ki, sülh prosesini gecikdirən tərəf Azərbaycan deyil, Ermənistandır. Azərbaycanın sülh tərəfdarı olduğunu nümayiş etdirir. Azərbaycan sülh sazişinin prinsiplərini işləyib Ermənistana göndərdi. Sonra yenə sükut oldu və biz bunu ictimailəşdirdik, məşhur beş prinsipi açıqladıq. Əgər Ermənistan hesab edir ki, bizə sülh onlardan çox lazımdır, onlar yanılırlar. Biz sülhü onlar istədiyi qədər istəyirik. Əgər onlara bu lazımdırsa, onda bizə də lazımdır. Əgər onlara lazım deyilsə, onda bizə də lazım deyil. Əgər rəsmi İrəvan Azərbaycanın Qarabağ da daxil olmaqla ərazi bütövlüyünü tanımayacaqsa, onda biz də Ermənistanın ərazi bütövlüyünü tanımayacağıq.
Azərbaycan hər zaman konstruktiv mövqelərdən çıxış edib. Azərbaycan tərəfi bildirdik ki, sülh sazişi imzalamalıyıq və delimitasiya ilə bağlı komissiyalarımız olmalıdır. Ermənistan deyil, Brüssel deyil, Vaşinqton, Paris və ya Moskva deyil, bunu deyən edən Azərbaycan olub. Təəssüf ki, Avropada liderlər arasında cənab Borrel, xanım Metsola kimi populist insanlar var. Onların yürütdüyü siyasət və Azərbaycana olan münasibəti qəbulolunmazdır. Borrelin son bəyanatı tamamilə faydasızdır. Onun Qarabağı tərk etmiş 150 min erməni ilə bağlı açıqlaması yalandır. Hətta ermənilərin özləri Qarabağı tərk edənlərin 150 min yox, 100 min olduğunu deyirdilər. Buradan aydın olur ki, Ermənistanın bəzi Avropa paytaxtlarında çox pis məsləhətçiləri var. Ermənistanda heç bir revanşizm cəhdlərinin olmayacağı ilə bağlı qəti şəkildə, təsdiqlənmiş zəmanət lazımdır – deyə Prezident qeyd edib.
Nəsib İsgəndərov,
Cəlilabad RİH-in əməkdaşı