Birgə əməkdaşlığı təmin edən yol xəritəsi

Prezident İlham Əliyevin cari ilin 6 dekabr tarixində “Qarabağ: 30 ildən sonra evə dönüş. Nailiyyətlər və çətinliklər” forumunda çıxışında hər kəsi düşündürən məsələlərə aydınlıq gətirib. Dövlət başçısı regionun və qonşu dövlətlərin əlaqələri ilə bağlı dərin inamını nümayiş etdirib. Prezident qeyd edib ki, neft və qaz layihələri tamamlananda, indi nəhəng yaşıl hidrogen və yaşıl enerji layihələrinə start verdikdə, Avropaya nəqletmə və ixrac imkanları, həmçinin Mərkəzi Asiya ilə potensial bağlantı imkanı nəzərə alınmalıdır. Son illərdə Mərkəzi Asiya ölkələri bir-birinə daha çox inteqrasiya etdi. Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə çox yaxşı və dost münasibəti var. Avropadan Mərkəzi Asiyaya gedən yol isə Azərbaycandan keçir.

Hazırda Azərbaycan Mərkəzi Asiya ölkələrinə, ilk növbədə, Qazaxıstana və Türkmənistana tranzit xidməti göstərir. Xəzərin şərq hissəsindən gələn tranzit yüklərin böyük hissəsi bu iki ölkədən, həmçinin Mərkəzi Asiyanın digər ölkələrindən, qismən də Çindən gəlir.

Gəmiqayırma zavodumuzun genişləndirilməsi potensialının qiymətləndirilməsi üzrə iş aparılır. Əldə olunan çox nikbin məlumata görə, bu zavodda artıq bütün növ gəmilər istehsal etmək mümkündür. Hazırda burada ildə 12 min ton tutumlu 6 tanker istehsal etmək olar. Təkmilləşdirmə işləri nəticəsində bu göstəricini 10-15 tankerə çatdırmaq mümkün olacaq.

Azərbaycan ərazisindən də keçən və bizim ərazimizdə tam hazır olan Şimal-Cənub nəqliyyat dəhlizi üzərində fəal işləyirik. Hazırda bizə yalnız Şimal-Cənub xəttinin ötürücülük qabiliyyətini artırmaq lazımdır. Bu marşrut da Körfəzdən Azərbaycana, buradan da Gürcüstana qədər uzanan Cənub-Qərb marşrutu kimi Orta Dəhlizin bir hissəsi ola bilər.

Hazırda bütün imkanlar Qarabağın dirçəldilməsinə yönəlmişdir. Əlbəttə bu sahədə qardaş ölkələrin iştirakını da nəzərə almamaq olmaz. Məsələn, Özbəkistan bizə qardaşcasına yardım və dəstək təklif edən ilk ölkədir. Füzulidə özbək xalqının dahi oğlu Mirzə Uluqbəyin adını daşıyan məktəbin açılışı oldu bu, yenidənqurma işinə, həm də qardaşlıq münasibətlərimizə böyük töhfə oldu. Özbəkistanla nəqliyyat, enerji, investisiyalar, avtomobil sənayesi sahələrində çox geniş əməkdaşlıq gündəliyihazırlanıb. Bu, həqiqətən də hər iki tərəfin fəxr edə biləcəyi və gələcək üçün böyük potensiala malik tərəfdaşlıqdır. Digər dost ölkələrdən də razıyıq. Türkiyə bizim daimi qardaşımız və arxamızdır. Qazaxıstan, Qırğızıstan ilə yaxın əlaqələrimiz hər zaman davam edir. Gürcüstan və Azərbaycan yaxın tərəfdaşlardır. Bizim tərəfdaşlığımız enerji sahəsində əməkdaşlıqdan daha da genişdir. Baxmayaraq ki, bu əməkdaşlıq bizə özümüzü Avropada strateji əhəmiyyət kəsb edən güclü komanda kimi təqdim etməyə imkan verdi.

Bizim böyük potensialımız və geniş coğrafiyamız var. Nəhəng enerji ehtiyatlarımız var ki, bu gün milli təhlükəsizlik məsələsidir. Bu, əslində, mövcudluğun, müstəqil yaşayışın mənbəyidir.

 

Etibar Sadıqov,

Cəlilabad Dövlət