Ən düzgün yanaşma

Prezident İlham Əliyev fərqli siyasi iradəli addım atdı, növbədənkənar prezident seçkilərinin keçiriləcəyi ilə bağlı fərman imzaladı. Öncədən deməliyik ki, ölkəmizin həyatında çox mühüm amil olan bu seçkilərdə bir nəfər kimi hamımız fəal olmalıyıq. Ədalətli seçki şəraiti təmin edən mövqeyimiz bəllidir. Regionda tam müstəqil bir ölkənin olmasını və Azərbaycanın Qələbəsini həzm edə bilməyənlərin təxribatlarının qarşısını almaq üçün siyasi sistemin gücləndirilməsi strateji əhəmiyyət kəsb edir. Belə ki, 44 günlük Vətən Müharibəsi və 2023-cü ilin antiterror tədbirləri nəticəsində ərazi bütövlüyümüzün və suverenliyimizin bərpası həm regionda, həm də ölkəmizdə yeni reallıqlar yaradıb. Növbədənkənar seçkilər ərazi bütövlüyümüzün və suverenliyimizin təsbitidir.

Nəzərə alınmalıdır ki, növbədənkənar seçkilərin keçirilməsinə dair qərar ölkədə siyasi partiyaların üzvlərinin reyestrlərinin dövlət qeydiyyatına alınması prosesinin tamamlanmasından sonra qəbul olunub. Bununla da seçkilərdə iştirak etmək üçün dövlət qeydiyyatına alınmış bütün siyasi partiyalara imkan yaradılıb. Bu yanaşma ölkədə ədalətli rəqabət mühitinin təmin edildiyinin bariz nümunəsidir.

Seçkidə bərabər imkanlar əsas şərtlərdən biridir. Seçki Məcəlləsinə əsasən Azərbaycan Respublikasının Prezidenti növbədənkənar Prezident seçkilərini elan etdiyi gündən başlayaraq bir həftədən gec olmayan müddətdə seçkilər Mərkəzi Seçki Komissiyası tərəfindən çərşənbə gününə təyin edilir və 60 gün müddətində keçirilir. Həmin müddətdə Seçki Məcəlləsinə əsasən bütün namizədlər bərabər hüquqa malikdirlər və bərabər öhdəliklər daşıyırlar, namizədlərin hamısına seçkiqabağı fəaliyyət üçün bərabər şərait təmin edilir.

Onu da deyək ki, öz qərəzli ritorikalarında daim seçkiləri tələb edən radikal siyasi qüvvələrin seçkilərin keçirilməsi ilə bağlı qərəzli fikirləri sadəcə ucuz demaqogiyadır. Qərəz və manipulyasiya isə bizə yad olan cəhətlərdir.

Son 20 ildə keçdiyimiz yol şərəfli yoldur, qələbələr, uğurlar yoludur. Xalq-iqtidar birliyi Azərbaycanda inkişafımızın əsas amilidir. Xalq-iqtidar birliyi bizim məqsədyönlü siyasətimiz bu gün Azərbaycanı qüdrətli dövlətə çevirmişdir. Siyasətimizin mərkəzində həmişə Azərbaycan vətəndaşı, onun problemləri, qayğıları, onun rifahı olubdur. Əminəm ki, biz həmişə qələbələr yolu ilə gedəcəyik. Hədəf və məqsədlərə isə ancaq Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə nail olmaq olar. Bu baxımdan, xalq yeni zəfərə hazırlaşır. Bu zəfərin yeri və ünvanı seçki məntəqələri olacaq. Fevralın 7-də keçiriləcək seçkilərdə xalq cənab İlham Əliyevə olan sevgisini, məhəbbətini, dəstəyini böyük fərəhlə nümayiş etdirəcək.

Vüqar Cavadov,

Cəlilabad rayonu üzrə Gənclər və İdman sektorunun müdiri