Sentyabrın 19-dan 20-nə keçən keçə Azərbaycan Ordusunun həyata keçirdiyi antiterror əməliyyatları zamanı torpaqlarımızdakı qanunsuz erməni silahlı birləşmələri zərərsizləşdirildi. Ardıyca Xankəndi, Xocalı, Xocavənd və Ağdərə rayonları işğaldan azad edildi.
Oktyabrın 15-də Ali Baş Komandan İlham Əliyev işğaldan azad edilən rayonlarımızda Dövlət Bayrağımızı ucaltdı.
Təbii ki, müharibə itkisiz olmur. Ordumuz yenə qəhrəman oğullarının bir neçəsini bu döyüşlərdə şəhid verdi. Onlardan bir də müddətdən artıq hərbi qulluqçu, Xüsusi Təyinatlı hərbçi Ramazan Həmdulla oğlu Hüseynzadədir.
Şəhidimizin ailəsiylə görüşmək üçün Cəlilabadın Muğan kəndindəki evlərinə yollandım. Məni şəhidimizin atası Həmdulla bəy, qardaşı Eldəniz, dayısı Tərlan qarşıladı. Şəhidimizin atasıyla söhbətimizə başladıq.
Şəhid atasının böyük qardaşı birinci Qarabağ savaşında itkin düşüb…
Hüseynovlar ailəsini çoxdan tanıyıram. Elə lap ağlım kəsəndən. Birinci Qarabağ savaşı zamanı ailənin üç oğlu-Hilal, Həmdulla və Araz döyüşə yollanıblar. Elə məqam olub ki, günlərlə onlardan xəbər olmayıb. Ataları Dövlət kişi döyüş bölgələrində onları axtarıb. Amma döyüşlərdən Həmdulla və Araz sağ qayıtsa da, Hilal Füzuli istiqamətində gedən döyüşlərdə itkin düşüb. Hilal Ramazanın böyük əmisidir, ona şəhidlik statusu da verilib. Ailə bu gün də bütün şəhid ailələri kimi dövlətin diqqətindədir.
Atası deyir ki, iki oğlu və bir qız övladı var. Ramazan əsgəri xidmətini başa vurduqdan sonra müddətdən artıq hərbi qulluqçu kimi üç illik müqavilə imzalayıb. Daxili Qoşunların Xüsusi Təyinatlı bölüyündə xidmət edib. 2020-ci ildə 44 günlük Vətən müharibəsi zamanı Daşkəsən istiqamətində düşmənin bir neçə təxribatının qarşısının alınmasında döyüşüb.
Ramazan üç illik müqaviləsini başa vurduqdan sonra növbəti üç illiyə imza atıb. O, növbəti dəfə çətin kursdan keçib. Müdafiə Nazirliyinin “Komando” briqadasında xidmətə başlayıb. Bu briqadada Ramazanın kiçik qardaşı Eldəniz də xidmətə başlayıb. Artıq il yarımdır ki, o da müddətdən artıq hərbi qulluqçu kimi xidmət edir. Ataları Həmdulla bəy deyir ki, hər iki övladı xidmətə başlayarkən ondan xeyir-dua alıblar. Amma Həmdulla övladlarının hərbidə işlədiyini hamıdan gizlədib. Deyir ki, istəmirdim övladlarımın hərbidə işlədiyini kimsə bilsin.
Ramazan atasıyla tez-tez telefonla danışırmış. Amma harda olduğunu anasına demirmiş ki, narahat olmasın. Sonuncu dəfə sentyabrın 19-da saat 08:22 radələrində atası və anasıyla danışaraq sağollaşıb və əməliyyata girib. Atası deyir ki, ondan sonra Ramazanla əlaqə kəsildi:
“Mənimlə, anasıyla danışıb hər şeyin yaxşı olduğunu dedi. Mən artıq bilirdim ki, Ramazan Qarabağ ərazisindədir. Amma o, bunu anasından gizlədirdi. Bizimlə danışıb sağollaşdı və axşam Ramazana zəng çatmadı. Ondan sonra narahat olmağa başladıq. Amma həm də düşünürdüm ki, zəng vurmağa imkanı yoxdur, vaxt tapan kimi zəng vuracaq. Sentyabrın 20-də yenə ondan zəng gəlmədi. Mən də zəng vurdum, amma Ramazana zəng çatmadı. Artıq narahat olmağa başladım”.
“İsmayıl zəng vurub dedi ki, evə gəl…”
“Özüm bənnayam, qonşu kənddə bir evdə təmir işləri görürdüm. Qayınım İsmayıl zəng vurub həyəcanlı səslə dedi ki, “Evə gəl!”. Tez evə gəldim və gördüm ki, qonum-qonşu bizə yığışıb. Amma yenə də Ramazandan xəbər yox idi. Hərbi komissarlığa getdim və orda da Ramazandan bir xəbər bilmədilər. Anası çox ağlayırdı deyə zəng vurub kiçik oğlum Eldənizi evə çağırdım. O, da işdən icazə alıb tez evə gəldi. Axşam vaxtı isə qayınım Tərlan, oğlum Eldəniz və yaxın qohumum İlqar müəllim Bərdəyə Ramazanın arxasınca getdilər. Orda məlum oldu ki, Ramazan şəhid olub. Tərlana zəng vurdum və ağlayıb dedi ki, “Ramazan şəhid olub”. Ondan sonra dünya başıma uçdu”.
“Döyüş yoldaşı şəhid olandan sonra Ramazan buna dözməyib…”
“Sentyabrın 22-də Ramazanın tabutunu gətirdilər. Bir ata üçün bundan böyük faciə ola bilməz. Anasının da, mənim də dözməyə taqətimiz qalmadı. Təcili tibbi yardım maşını gəldi, bizə ilkin tibbi yardım göstərdilər. Dəfn mərasimi zamanı dedim ki, açın, sonuncu dəfə oğlumun üzünü görüm. Elə də oldu, Ramazanın üzünü gördüm. Sonra oğlumu böyük izdihamla dəfn etdik.
Döyüş yoldaşları gəlmişdi. Onlar Ramazanın necə şəhid olduğunu mənə danışdılar. Xocalının Dəhrəz kəndi istiqamətində gedən döyüşlər zamanı ermənilər qumbara atıb və qumbara Ramazanın döyüş yoldaşının qarşısında partlayıb. Qəlpə döyüş yoldaşının düz ürəyinə dəyib və o, şəhid olub. Bu hadisədən sonra Ramazan 60 güllə ilə irəli gedərək düşmən hərbçilərinin olduğu səngərə daxil olub. Dəhşətli döyüş gedib o zaman Ramazan da ürəyindən qəlpə yarası alaraq şəhid olub. Növbəti kor güllə isə o, yerdə olarkən boynundan dəyib”.
“Ramazanı ərazidən çıxaranda 6 gülləsi qalıbmış…”
“Döyüş yoldaşları onu ərazidən çıxaranda Ramazanın cəmisi 6 gülləsi qalıbmış. Yanında isə 17 erməni leşi olub. Ramazan vətənpərvər idi, hər şeydə öndə getməyi sevirdi. Şəhid olacağını da bilirdi. Həmişə bu haqda danışdırdı. “İnstaqram” səhifəsində yazıb ki, “Əvvəl-axır hamı öləcək, bəs sən niyə şəhid olmağı seçmirsən? (Vilayətdən-şəhadətə)”. Döyüşdə olanda dostlarımı, qardaşımı və indi də oğlumu itirdim. Mənim dərdim böyükdür”-deyə şəhid atası bildirib.
Sonda Şəhidimin ailəsiylə sağollaşıb ordan ayrıldıq. Allah cəmi şəhidlərimizə rəhmət eləsin!
Vasif Əlihüseyn