Prezident İlham Əliyevin cari ilin 14 sentyabr tarixində Düşənbədə Mərkəzi Asiya Dövlət Başçılarının 5-ci Məşvərət görüşü çərçivəsində çıxışında deyildiyi kimi, nəqliyyat və logistika sahəsi münasibətlərimizdə mühüm yer tutur. Azərbaycan Mərkəzi Asiya ölkələri üçün Türkiyə və Avropa bazarları istiqamətində etibarlı tranzit ölkəsidir. Əks istiqamətdə tranzitin əhəmiyyəti də az deyil. Mərkəzi Asiyadakı qardaşlarımız bilirlər ki, Azərbaycanın bütün nəqliyyat-logistika infrastrukturu onlar üçün açıqdır.
Şərq-Qərb marşrutu ilə yükdaşımalara artan tələbatı təmin etmək məqsədilə Bakı-Tbilisi-Qars dəmir yolu tərəfimizdən müasirləşdirilir. Gələn il həmin yol ilə daşınan yüklərin həcmi 1 milyon tondan 5 milyon tona qədər artırılacaq. Buna paralel olaraq, Bakı Ticarət Limanının imkanları bugünkü 15 milyon tondan 25 milyon tona qədər artırılır.
Azərbaycan Xəzərdə 50-dən artıq gəmidən ibarət ən iri ticarət donanmasına malikdir. Mərkəzi Asiya ölkələrindən yük göndərənlərin artan tələbatını nəzərə alaraq, gəmiqayırma zavodunun imkanlarının genişləndirilməsi üzərində fəal işlər aparılır. Yeni sərmayə layihələri başa çatdıqdan sonra istehsal olunan tanker və quru yükdaşıyan gəmilərin sayı bu gün ildə 6 gəmidən 10-15 gəmiyə qədər artacaq.
Daha böyük həcmdə tranzit yüklərini cəlb etmək üçün tariflərin optimallaşdırılmasını, tənzimləyici və gömrük prosedurlarının sadələşdirilməsini və ahəngdarlığını təmin etmək zəruridir. Tranzit daşımaların şəffaflığının və daşımalar prosesinin iştirakçıları üçün bərabər şərtlərin təmin edilməsində mühüm meyarlardan biri Şərq-Qərb nəqliyyat dəhlizinin rəqəmsallaşdırılmasıdır. Ölkələrimiz arasında əməkdaşlığın yeni sahəsi fiber-optik infrastrukturun yaradılmasına yönəlmiş və üzərində fəal çalışdığımız “Rəqəmsal İpək Yolu” layihəsidir.
Bildiyimiz kimi, Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu xarici siyasətin əsas istiqamətlərindən biri də xalqların rifahı naminə dövlətlərarası münasibətlərin hərtərəfli inkişaf etməsi, möhkəmlənməsidir. Elə bu səfər də çoxşaxəli tərəfdaşlığın daha yüksək artım mərhələsinə keçməsinə təkan verəcək, yəni münasibətlər yeni inkişaf mərhələsinə yüksələcək.
Eyvaz Məmmədov
ADPU Cəlilabad filialının müəllimi