1991-ci il avqustun 30-da qəbul edilmiş Müstəqillik haqqında Bəyannamə Azərbaycanın taleyində, xalqımızın müqəddəratı və azad inkişafının təmin olunmasında ən mühüm hadisə oldu. Birmənalı olaraq söyləyə bilərik ki, əldə etdiyimiz müstəqilliyin qorunub saxlanıllması Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır.
Yaxşı xatirimizdədir, 1990-cı il iyulun 20-də Bakıya qayıdan Heydər Əliyev iki gün sonra 22 iyul tarixində Naxçıvana yola düşüb. 30 sentyabr 1990-cı il tarixində Ulu Öndər Azərbaycan SSR və Naxçıvan MSSR Ali Sovetlərinə deputat seçildi.
Ağır blokada vəziyyətində inkişafa, yüksəlişə aparan yolun əsası 3 sentyabr 1991-ci ildə qoyulub. 1991-ci il sentyabrın 3-də Heydər Əliyev Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri seçilib və müvafiq qanunvericiliyə əsasən həm də Azərbaycan Respublikası Ali Soveti sədrinin müavini olub. Bu hal qüdrətli siyasətçinin ölkənin ictimai-siyasi həyatında daha yaxından iştirak etməsinə meydan açıb. Ümummilli Lider Heydər Əliyevin fəaliyyəti, onun iradəsi ilə qəbul olunmuş qərarlar müstəqillik tariximizin ən parlaq səhifələrini təşkil edir.
Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə Naxçıvan Ali Soveti müstəqilliyimizin əsas atributlarından olan üçrəngli bayrağımızın Naxçıvan MR-in dövlət bayrağı olması barədə qərar qəbul etdi. Qərarda, həmçinin Azərbaycan Respublikasının ali qanunverici orqanına Azərbaycanın dövlət rəmzləri haqqında məsələyə baxması, respublikamızın milli tarixi ənənələrə uyğun olaraq yeni dövlət rəmzlərinin – bayrağın, gerbin, himnin qəbul olunması təklif edilmişdi.. Bu, dünyada Sovet İttifaqı kimi tanınan, siyasi sistemini sovetlər üstündə quran bir ölkənin siyasi strukturunda dəyişiklik edilməsi demək idi. Naxçıvan MR Ali Məclisi 1990-cı il noyabrın 21-də 20 yanvar hadisəsinə düzgün siyasi qiymət verdi, bu qanlı hadisədə SSRİ rəhbərliyi ilə yanaşı respublika rəhbərləri Vəzirovun, Mütəllibovun və başqalarının günahkar olduqlarını qeyd etdi, xalqa kimlərin ona rəhbərlik etmək istədiyini göstərdi.
1991-ci il avqustun 30-da Azərbaycan Respublikası Ali Sovetinin xalqın tələbi ilə çağırılmış növbədənkənar sessiyasında Ulu Öndər Heydər Əliyev Azərbaycanın müstəqilliyinin elan olunması təklifi ilə çıxış etmişdir. Ulu Öndər Heydər Əliyev Azərbaycan Xalq Cümhuriyyətinin yarandığı günü məhz müstəqillik günü kimi dəyərləndirib və bunu obyektiv yanaşmalarla əsaslandırıb.
Həmin sessiyada “Azərbaycan Respublikasının dövlət müstəqilliyini bərpa etmək haqqında” Bəyannamə qəbul edildi. Həmin ilin oktyabr ayının 18-də isə Ali Sovet “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı”nı qəbul etdi. Məhz Ulu Öndərin siyasi hakimiyyətə qayıdışı milli dövlətçiliyin bərpası istiqamətində qəti addımların atılmasına gətirib çıxardı. Azərbaycan xalqı dahi rəhbərimizin doğma el-oba qarşısındakı xidmətini heç vaxt unutmayacaq.
İndi Heydər Əliyevin memarı olduğu müstəqil respublikamız sürətli və geniş inkişaf yolundadır. Bizim hazırkı daxili və xarici siyasət konsepsiyamız ən geniş mənada dövləti xalqa, xalqı dövlətə möhkəm və qırılmaz tellərlə bağlayır. Ölkənin bütün guşələrində əmin-amanlıq və sabitlik, qarşısıalınmaz inkişaf hakimdir, torpağımızın hər qarışında ulu öndərimizin iradə və əzmkarlığı öz bəhrələrini verir, həyatımıza şanlı qələbələrin yazılması təmin edilir. Bütün bunların nəticəsində müstəqilliyimizin dayaqları möhkəmlənir, gələcək nəsillərin firavan həyatı üçün etibarlı təminat yaranır. İnanırıq ki, xalqımızın nailiyyətləri bundan sonra daha da möhkəmlənəcək, müstəqil respublikamız öz qüdrətini artıracaqdır. Biz daha güclü dövlətə çevriləcəyik, heç kəsdən nə siyasi, nə də iqtisadi asılılığımız olmayacaq. Əslində belə asılılıq indi yoxdur, möhtərəm Prezidentimiz cənab İlham Əliyev bunu dəfələrlə bəyan etmişdir. Müstəqilliyimizin başlıca göstəricisi də məhz budur.
Aydın Hüseynov,
siyasi şərhçi