Xalqımız 1991-ci ilin həyəcanlı günlərini yaddan çıxarmnamıdır. O zaman Naxçıvan sakinləri böyük səs çoxluğu ilə öz seçimini etdi və ulu öndər Heydər Əliyevi muxtar respublikanın Ali Məclisinin sədri seçdi. Həmin seçimlə nəinki Naxçıvanın, bugünkü qüdrətli Azərbaycan dövlətinin təməli qoyuldu. Müharibənin davam etdiyi, sənaye məhsullarının çatışmadığı, elektrik enerjisinin olmadığı, sosial-iqtisadi durumun kəskin olduğu şəraitdə Ali Məclisin Sədri seçilən Ulu Öndər həyata keçirdiyi islahatlar, gördüyü tədbirlər və işlər sayəsində Naxçıvanda sabitliyin, tərəqqinin və həmrəyliyin təmin olunmasına nail oldu.“Bu zamanın, bu dəqiqələrin, bu saatın hökmünü nəzərə almaya bilməzdim. Xalqın bu əhvali-ruhiyyəsini, tələblərini nəzərə alaraq bütün məsələləri götür-qoy etdim. Mən öz taleyimi xalqa tapşırmışam və xalqın iradəsini, yəqin ki, indi bu müddətdə, bu çətin dövrdə yerinə yetirməliyəm”. Ulu Öndər Heydər Əliyev bu sözləri Naxçıvan Muxtar Respublikası Ali Məclisinin 3 sentyabr 1991-ci il tarixli fövqəladə sessiyasnda bəyan etmişdi.
Ulu Öndər Heydər Əliyev Ali Məclisin sədri vəzifəsinin icrasına başlayandan sonra Naxçıvan Muxtar Respublikası Dövlət Müdafiə Komitəsinin yaradılması haqqında qərar qəbul edildi. Bu qərar Naxçıvanın müdafiəsinin gücləndirilməsi istiqamətində atılan ilk addım oldu. Sonrakı dövrlərdə qəbul edilmiş tarixi qərarlarla Naxçıvanda yerləşən sovet qoşunlarına məxsus hərbi texnika və silahların Muxtar Respublikada saxlanılması təmin olundu.
Naxçıvanda həyata keçirilən demokratik tədbirlər bütün Azərbaycana nümunə olmuşdu. Heydər Əliyev Azərbaycan SSR Ali Sovetinin 1991-ci il fevralın 5-də açılmış sessiyasındakı çıxışında mövcud siyasi vəziyyəti əhatəli təhlil etdi, böhranın, habelə Dağlıq Qarabağ münaqişəsinin səbəblərini, SSRİ və respublika rəhbərlərinin yol verdiyi ciddi qüsurları və onları aradan qaldırmağın, təcavüzkar
Ermənistana qarşı müdafiə mövqeyindən çıxıb birlikdə mübarizə aparmağın vacibliyini qeyd etdi. Onun çağırışını xalq ruh yüksəkliyi ilə qarşıladı. Həmin sessiyada dövlətin adı dəyişdirilərək“Azərbaycan Respublikası”adlandırıldı, Azərbaycan Xalq Cümhuriyyətinin bayrağı dövlət bayrağı kimi təsdiq olundu.
1991-ci il 18 oktyabr dövlət müstəqilliyinin elan olunması Azərbaycanın yeni intibahının bünövrəsi demək idi. Konstitusiya Aktı Azərbaycan Respublikası Ali Sovetinin 1991-ci il 30 avqust tarixli Bəyannaməsini rəhbər tutaraq qəbul edildi və müstəqil Azərbaycan Respublikasının dövlət quruluşunun, siyasi və iqtisadi quruluşunun əsaslarını təsis etdi.. Vətən müharibəsində tarixi Qələbə, ərazi bütövlüyümüzün bərpası, Azərbaycanın dünyada layiqli yeri, əldə etdiyi böyük nüfuz ölkəmizin suverenliyi, dövlət müstəqilliyi və milli kimliyi ilə bağlı rəmzi hadisələrə yenidən sistemli baxışı zəruri etdi. Qalib, müstəqil Azərbaycan hər bir azərbaycanlı üçün qürur mənbəyidir.
Ulu Öndərin rəhbərliyi ilə başlanan islahatlar nəticəsində dövlət idarəçiliyinin bütün sahələri dünya standartlarına uyğunlaşdırıldı, dövlətçiliyin başlıca prinsipləri formalaşdırıldı, vətəndaşla dövlətin qarşılıqlı mənəvi məsuliyyətinə əsaslanan sosial sabitliyin təməli qoyuldu və dövlət cəmiyyətin bütövlüyünün tam təminatçısına çevrildi.
Arif Abdullayev,
Vətən müharibəsi qəhrəmanı şəhid
Rəşad Abdullayevin atası