Ana dili hər bir xalqın varlığını təsdiq edən başlıca amildir. Hər bir xalqın öz Ana dili onun milli sərvəti, varlığının təsdiqi, həmçinin milli kimliyidir. Millətin dili, əlifbası onun millət olaraq formalaşmasında vacib şərtlərdən biri kimi qəbul edilir. Xalqın keçdiyi tarixi yol, onun mədəni səviyyəsi, birinci növbədə onun Ana dilində öz əksini tapır. Ana dili həm də çətin tarixi-siyasi dövrlərdə millətin varlığının yaşadılması üçün əsas vasitələrdən də hesab olunur. Dilini itirən xalq məhvə məhkumdur.
Ümummilli lider Heydər Əliyevin 2001-ci ildə imzaladığı fərmana əsasən, avqustun 1-i respublikamızda Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü kimi qeyd edilir. Çünki həmin tarix milli varlığımızın əsas atributlarından olan Ana dilimizlə bağlıdır.
Dil millətin simasını səciyyələndirən amillərdən biri, onun milli sərvətidir. Millətin dilinin dövlət dili statusuna
yüksəlməsi isə tarixi hadisə, milli dövlətçilik tarixinin qızıl səhifəsidir. Bu məqam millətin millət olaraq təsdiqidir.
Bu gün istər danışıq, istərsə də yazılı şəkildə işlətdiyimiz Azərbaycan dili mürəkkəb və ziddiyyətli bir yol qət etmişdir. Günü-gündən qloballaşan dünyamızda Azərbaycan dilinin qorunub saxlanması və inkişaf etdirilməsi bu günümüzün ən zəruri məsələlərindən, ən vacib reallıqlarındandır. Onu da vurğulamaq lazımdır ki, Azərbaycan dili 50 milyondan artıq soydaşımızı bir-biriylə birləşdirən və onları biri-biriylə doğmalaşdıran atributdur.
Azərbaycan dilinin dövlət statuslu dillər arasında olmasına görə bu dilin gözəl bilicisi, mahir natiq ümummilli lider Heydər Əliyevə minnətdar olmalıyıq. Ulu öndər milli-mənəvi dəyərlərimizin ən qiymətlisi və bir millət kimi milli varlığımızın rəmzi olan Azərbaycan dilinin saflaşdırılması və inkişafı istiqamətində çox mühüm addımlar atıb. 1993-cü ildə Heydər Əliyevin Azərbaycanda ikinci dəfə hakimiyyətə qayıdışından sonra Azərbaycan dili öz inkişafında yeni mərhələyə qədəm qoyub. Müstəqil dövlətimizin 1995-ci ildə qəbul edilən ilk Konstitusiyası ilə dövlət dilinin adı bərpa edilib.
Əlbəttə, dilin əsas yaradıcısı millətin özüdür. Prezident İlham Əliyev milli xüsusiyyətlərimizin saxlanmasında ana dili və ədəbiyyatımızın başlıca amillərdən olduğunu dəfələrlə diqqətə çəkərək demişdir: “Müstəqil dövlətin olmadığı dövrlərdə azərbaycanlıları bir xalq kimi qoruyan, assimilyasiya olunmağa imkan verməyən Azərbaycan mədəniyyəti, Azərbaycan dili, milli mənəvi dəyərlər olub. Azərbaycan dilinin, Azərbaycan mədəniyyətinin qorunub inkişaf etdirilməsi həm də müstəqilliyimizin, vahid dövlətçilik ənənələrimizin və milli birliyimizin ən başlıca simvollarını qorumaq kimi dəyərləndirilməlidir”. Dəyərli və zəngin sərvətlərimizdən biri olan dilimizin qorunması və təbliğ edilməsi dil və din mənsubiyyətimizdən asılı olmayaraq hər birimizin mühüm vətəndaşlıq borcudur.
İdman Quliyev,
Cəlilabad rayon Ləkin kənd
tam orta məktəbin direktoru