Qarabağ və Şərqi Zəngəzur ekoloji fəlakət zonasına çox yaxın idi. Çünki Ermənistan həm Ermənistandakı müəssisələrin fəaliyyəti nəticəsində, eyni zamanda, o vaxt işğal edilmiş torpaqlarda – Qarabağda və Şərqi Zəngəzurda təbii resurslarımızın vəhşicəsinə istismarı nəticəsində təbiətimizə böyük zərbə vurub. 60 min hektardan çox meşə fondu ermənilər tərəfindən dağıdılıb, talan edilib, çıxarılıb, satılıb, yaxud parket düzəldiblər və satıblar;
Naxçıvan Muxtar Respublikasının gələcək inkişafı ilə bağlı dövlət proqramı bölgənin uğurlu sosial-iqtisadi inkişafını qısa müddət ərzində təmin edə biləcək proqramdır. Naxçıvanın da Qarabağ və Şərqi Zəngəzur kimi “yaşıl enerji” zonasına çevrilməsi məsələsi qoyulmuşdur;
Naxçıvan Muxtar Respublikasında elektrik enerjisinin böyük hissəsi indi su elektrik stansiyaları vasitəsilə istehsal olunur. Orada günəş və külək elektrik stansiyalarının inşası da nəzərdə tutulur – ola bilər 1000 meqavat, ola bilər 1500 meqavat. Biz həm muxtar respublikanın bütün tələbatını “yaşıl enerji” ilə təmin edəcəyik, həm də qonşu ölkələrə də “yaşıl enerji”ni ixrac edəcəyik.
Ölkəmizin böyük hissəsi artıq rəsmən “yaşıl enerji” zonası elan edilib və bunun fonunda Gədəbəy rayonunda baş vermiş hadisə tamamilə qəbuledilməzdir. Ekologiya və Təbii Sərvətlər Nazirliyi ən azı səhlənkarlığa yol verib, nəzarətsizlik nümayiş etdirib, passiv müşahidəçi kimi çıxış edib və bunun nəticəsində xarici investor bizim təbiətimizi zəhərləyib.
Gədəbəy vətəndaşların bir hissəsi təxribatçıların fitnəsinə uyaraq ədəbsiz, qanunsuz hərəkətlər ediblər və bu da dözülməzdir, qəbuledilməzdir. O təxribatçıların bəziləri Azərbaycanda, bəziləri xaricdə gizlənir. Azərbaycandakılar artıq müəyyən edildi və bir neçəsi məsuliyyətə cəlb olunmuşdur. Xaricdəkilər də məsuliyyətə cəlb ediləcəkk.
Azərbaycanda xaos, özbaşınalıq, təxribat xarakterli addımlar 1993-cü ildə başa çatıb. Vətəndaşlar qanuna tabe olmalıdırlar, polisə daş atmamalıdırlar, polisə daş atmaq heç kimə şərəf gətirən hərəkət deyil. Araşdırmaların obyektivliyi təmin olunmalıdır. Təbiətimiz məhv olunmamalı və insanların örüş, otlaq sahələri zəbt edilməməlidir.
Bu gün dünyada ekologiyanı korlayan şirkətlər müflisləşir. Onlar öz ölkələrində belə hərəkət edə bilərdilərmi, gedib göl qursunlar, oraya zibil, zəhər töksünlər. Bu sahədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Gədəbəydə baş vermiş vəziyyətlə bağlı bu cür yanaşması qəbuledilməzdir. Bizim təbiətimiz məhv olunmamalıdır. Prokurorluğa, digər aidiyyəti qurumlara bütün göstərişlər verilmişdir. Ciddi araşdırmalar aparılmalıdır və ölkənin rəhbərliyinə, habelə ictimaiyyətə açıqlamalar verilməlidir. Ekologiya və Təbii Sərvətlər Nazirliyi məsələyə diqqət yetirməyib və biganə qalıb, araşdırmaların nəticələri barəsində heç bir məlumat yoxdur.Xarici şirkətin nümayəndələri də dəvət edilməlidirlər, Nazirlər Kabinetinə onlar izahat verməlidirlər;
Ölkəmizdə işləyən xarici şirkətlər və yerli şirkətlər Azərbaycan qanunlarına hörmət etməlidirlər. Hörmət etməyəcəklərsə, onların fəaliyyəti burada mümkünsüz olacaq. Azərbaycan qanunlarına, ekoloji tarazlığa hörmət edilməlidir. Təbiətə, insanların sağlamlığına zərrə qədər təhlükə varsa, şirkətin fəaliyyəti dayandırılmalıdır.
Eyvaz Məmmədov,
ADPU Cəlilabad filialının müəllimi