“Deyirdi ki, Şuşaya qədər gedib itkin düşən əmimi tapacam…”- Şəhid kəşfiyyatçının anası

Adalet.az-ın əməkdaşı şəhidlərlə bağlı layihəsində bu dəfə şəhid baş kəşfiyyatçı, xüsusi təyinatlı hərbçi Vüsal Sərhədxan oğlu Cəfərovun ailəsində qonaq olub. Şəhidimizin atası Sərhədxan bəylə və anası Sədaqət xanımla həmsöhbət olub. 

Şəhidimizin atası ilk öncə maraqlı bir tarixi nəql edib:

“Əmim İkinci Dünya Müharibəsi zamanı itkin düşdü. Amma 1961-ci ildə Amerikada tapıldı. Sonra bir dəfə Azərbaycana gəldi. Dayım isə həmin müharibədə Ukraynada həlak oldu. Birinci Qarabağ savaşı zamanı isə qardaşım Əflatun itkin düşdü. Bu günə kimi də ondan xəbər yoxdur. Tale elə gətirdi ki, mənim də oğlum şəhid oldu. Yəni bu hadisələr bizdə nəsildə davam edir”.

“Bir gün orda İlyas adlı bir hərbçiylə tanış olur…”

“Dörd oğlum və iki qızım var. Vüsal mənim ikinci oğlum idi. Uşaqlığı çox çətin keçib. O, Göytəpə qəsəbəsində hərbi hissənin yanında günəbaxan tumu satıb evə kömək edirdi. Bir gün orda İlyas adlı bir hərbçiylə tanış olur. Elə olur ki, Vüsal hərbçi olandan sonra hərbi hissəyə qayıdanda İlyasla görüşür. İlyas buna məəttəl qalır və Vüsala qurban kəsir. Elə Vətən müharibəsində də İlyasla bir yerdə şəhid oldu. Bu da Allahın yazısıdır.

“Vüsal əsgər kimi Naxçıvanda xidmət edib. Hərbçi kimi qalıb işləyəndə isə Beyləqanda 10 ilə yaxın xidmət etdi. General-mayor Mais Bərxudarovun komandanlığı altında xidmət edib. Vüsal həmçinin 2016-cı il Şanlı aprel döyüşlərində də iştirak edib. Xidməti dövründə komandanlıq tərəfindən verilən döyüş tapşırıqlarını daim yerinə yetirib. Buna görə müxtəlif medal və diplomlarla təltif edilib.

Vətən müharibəsi başlamazdan bir neçə gün öncə məzuniyyətə gəlmişdi. Elə oldu ki, ona zəng gəldi və dərhal hərbi hissəyə qayıtdı. 27 sentyabrda müharibə başlayanda o da döyüşlərə qatıldı. Füzulidən başlayaraq Hadrut, Cəbrayıl, Qubadlı istiqamətində döyüşdü. Oktyabrın 21-də isə Qubadlının Balasoltanlı kəndində qəhrəmancasına şəhid oldu. Biz qonşuda şəhid olan hərbçimizin dəfn mərasimində Vüsalın şəhid xəbərini aldıq. Müharibə zamanı onunla iki dəfə danışmışdım.

Sağ olsun dövlətimiz. Vüsalın bütün imtiyazları verilib. Adı yaşadığımız küçəyə verildi. Biz icra başçımız hörmətli Rafiq Cəlilovdan da razıyıq. Daim şəhid övladımın övladlarına və bizə qayğı göstərilir”.

Şəhidimizin anası Sədaqət xanım da Vüsalın uşaqlığından və şəhid xəbərini almasından danışıb:

“Vüsalın xatirələri çoxdur. O, uşaqlığından böyük kimi davranırdı. Çox tərbiyəli bir oğul idi. 1991-ci ildə əmisi itkin düşdü və körpəliyindən gözün açandan atasını ağlayan gördü. Övladına da əmisi Əflatunun adını qoydu. Vətənpərvər bir uşaq idi, deyirdi ki, əmimin qisasını almalıyam. Ağlı kəsəndən işlədi evi dolandırdı. Hərbçi kimi işləyəndən sonra iki bacısını gəlin köçürdü. Çox qorxmaz bir insan idi. Tapşırıqları layiqincə yerinə yetirdi. Kəşfiyyatçı idi. Vətən müharibəsi zamanı hər gün bir dəfə səhər tezdən danışıb yaxşı olduğunu deyirdi. Döyüşün içində olanda da gülə-gülə danışırdı.

Həmin gün qonşumuz Vüqar İbadov şəhid olmuşdu, onun dəfn mərasimində idik. Oğlanlarımın üçü də mərasimdə idi. Evə gələndən sonra gördüm ki, oğlanlarım evdə deyil. Sonradan bildim ki, onlar Vüsalın şəhid xəbərini alıb Füzuliyə gediblər. Baldızımın oğluyla danışdım dedi ki, Vüsalın yaralandığını deyirlər. Mən yuxumda görmüşdüm deyə Vüsala nə olduğunu dəqiq bilmək istədim.

Yuxuda görmüşdüm ki, dükana getmişəm. İnsanlar deyir ki, kilsə küçəsində ən hündürboylu oğlan şəhid olub. Qadınlar məni görəndə deyir ki, susun, bu gələn oğlanın anasıdır. Bir də gördüm ki, bulanıq su axırdı. Baldızım deyirdi ki, bu bulanıq suyu insanlar necə içir. Baldızım ordan bir ovuz təmiz su götürüb mənə verdi və içdim. İçəndən sonra dedim ki, ürəyim sərinlədi. Vüsalın şəhid xəbəri gələndə də inanmadım. Dedim ki, Vüsala heç nə olmayıb. İki övladı yadigar qalıb. Nə qədər qürurverici olsa da, çətindir.  Mənim oğlum qəhrəmandır. Deyirdi ki, Şuşaya qədər gedib itkin düşən əmimi tapacam”.
Qeyd edək ki, şəhid Vüsal Cəfərov 3-cü dərəcəli “Vətənə xidmətə görə” və “Azərbaycan Bayrağı” ordeniylə, “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə” və “Cəbrayılın azad olunmasına görə” medallarıyla təltif edilib.

Allah cəmi şəhidlərimizə rəhmət eləsin!

Vasif Əlihüseyn
Foto və video Orxan Aslanlıya məxsusdu.

PAGE TOP