Kəşfiyyat rəisi: “Demişdim ki, nə vaxt müharibə başlasa…”

“Birinci Qarabağ savaşında Ağdam rayonu istiqamətində döyüşlərdə iştirak etmişəm. Onu də nəzərinizə çatdırım ki, mənim dayım Rafiq Səfərov da Qaraqaya istiqaməti hücumlarında Qatır Məmmədin dəstəsində döyüşüb və şəhid olub. Özüm zabit kimi ordu sıralarında xidmət etmişəm və hər dəfə Ağdamın xarabalığa çevrilən kəndlərini görəndə mənə çox pis təsir edirdi. Çünki biz öz torpaqlarımızda gedib gəzə bilmirdik”

Məcra.az xəbər verir ki, bunu açıqlamasında ehtiyatda olan kapitan, Birinci Qarabağ və Vətən müharibəsi iştirakçısı, Cəlilabad rayon icra hakimiyyətinin Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Fizulu Cəfərov deyib. F.Cəfərov Vətən müharibəsində kəşfiyyat rəisi kimi əməliyyatlara qatıldığını bildirib:

“2000-ci ildə kapitan rütbəsiylə ordu sıralarından tərxis olundum. Tərxis olunarkən yüksək rütbəli rəislərdən biri mənə dedi ki, “Kapitan Cəfərov, sən gedirsən, amma bizim qarşımızda şərtlər var, döyüş alnımıza yazılıb, biz qisas almalıyıq”. O zaman dedim ki, nə vaxt müharibə başlasa, onda burda olacam. Şükürlər olsun Allaha ki, bu arzuma çatdım”.

F.Cəfərov ordu sıralarından tərxis olunandan sonra rayonda orta məktəbdə gənclərin çağırışaqədərki  hazırlıq müəllimi işlədiyini deyib:

“Ondan sonra Cəlilabad şəhər 4 saylı tam orta məktəbində 19 il gənclərin çağırışaqədərki hazırlıq müəllimi işləmişəm. Tovuz döyüşləri zamanı isə bizim generalımız Polad Həşimovla bilrikdə polkovnik İlqar Mirzəyev də şəhid oldu. İlqar Mirzəyevlə mənim şəxsi tanışlığım var idi. Onun şəhid olması mənə çox pis təsir etmişdi. Ona görə də Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Cəlilabad rayon şöbəsinə yaxınlaşaraq ordu sıralarına qayıtmağım üçün ərizəylə müraciət etdim. 2020-ci ilin sentyabr ayının 21-də Cəlilabad rayonundan ordu sıralarına çağrılan hərbçilərin ilk maşınında artıq mən də var idim”.

F.Cəfərov bir çox rayonlar istiqamətində gedən döyüşlərdə əməliyyatlar icra etdiyini bildirib:

“Mən divizionun kəşfiyyat rəisi olaraq Füzuli, Xocavənd, Cəbrayıl, Hadrut və Şuşa istiqamətində gedən döyüşlərdə iştirak etdim. Vətən müharibəsində göstərdiyim xidmətlərə görə Ali Baş Komandan İlham Əliyev tərəfindən “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” və “Hərbi xidmətlərə görə” medallarıyla təltif olunmuşam”.

F.Cəfərov Cəlilabad rayon icra hakimiyyətinin Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin fəaliyyətindən də danışıb:

“Cənab Prezidentin Cəlilabad rayonuna təyin etdiyi hörmətli icra başçımız Rafiq Cəlilovun dəvəti ilə mən bu vəzifəyə təyin olundum. Bu vəzifəyə təyin olunan göndən hörmətli icra başçımız bizi dəstəkləyib, şəhid ailələri və müharibə iştirakçılarının yanında olub. Demək olar ki, bir çox problemləri həll etmişik. Hazırda rəsmi olaraq Cəlilabad rayonunun 260 nəfər şəhidi, 300 nəfər müharibə əlili və 2430 nəfər müharibə iştirakçısı var. Yəni digər rayonlara baxanda bizdə bu rəqəm çoxdur və ona görə də iş də çox olur. Problemlər var, müvafiq qurumlarla əlaqə saxlayıb bu problemlərin həllinə həmişə çalışırıq. İndi onu deyə bilərəm ki, bu problemlərin əksəriyyəti həll olunub. “YAŞAT” Fondunda büdcə azaldı və Cənab Prezident ötən həftə fonda beş milyon manat vəsait ianə etdi və artıq şəhid ailələri və qazilərimizin dərman məsələsini “YAŞAT” Fondu həll edəcək. Bizim şəhid ailələrimiz ev növbəsinə yazılıb və əksəriyyəti mənzillə təmin olunub.  Digər şəhid ailələrimizin də mərhələli şəkildə mənzillə təmin olunmasını gözləyirik”.

F.Cəfərov  Cəlilabadda təbii fəlakət nəticəsində evlərinə ziyan dəyən qazilərin də problemlərinin nəzarətə götürüldüyünü bildirib:

“Təbii fəlakət nəticəsində evlərinə ziyan dəyən qazilərimizin evində olub, baxış keçirmişəm. Göytəpə qəsəbəsində iki qazimizin, Uzuntəpə kəndində bir qazimizin və bir iştirakçımızın evinə, Günəşli kəndində isə bir nəfər müharibə iştirakçımızın evinə ziyan dəyib. Göytəpədəki müharibə iştirakçımızın evinin dam örtüyünün təmir olunması üçün iş adamları 40 ədəd şifer verdilər. Evləri ziyan görən digər qazilərimizin də komissiya hadisə yerində olub, araşdırıb və əlaqədar təşkilatlara bu barədə məlumat veriləcək. Hal hazırda Cəlilabad rayon İcra Hakimiyyətində bu problemlərin həlli üçün büdcə nəzərdə tutulmayıb. Amma buna baxmayaraq yuxarı təşkilatların qarşısında qazilərimizin probleminin həll edilməsi üçün məsələ qaldırılacaq”.

Vasif Əlihüseyn

(Adalet.az)

PAGE TOP