Bakı şəhəri 149 nömrəli məktəbdə şagirdlərin səhhətində yaranan narahatlıqla bağlı Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) tabeliyindəki Bakı Şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına müraciət daxil olub.
TƏBİB-dən Lent.az-a verilən məlumata görə, təcili tibbi yardım briqadaları çağırış ünvanına cəlb edilib.
Təcili tibbi yardım briqadaları tərəfindən 15 məktəbli (8-i qadın cinsi, 7-si kişi cinsi olmaqla) TƏBİB-in tabeliyindəki Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə təxliyə olunublar. Onlara zəruri tibbi xidmətlər göstərilib. 9 nəfər ambulator müalicə üçün artıq evə buraxılıb. Hazırda 6 nəfərin müalicəsi davam etdirilir. Vəziyyətləri stabildir.
saat 17:45
149 nömrəli tam orta məktəbdən verilmiş məlumatda qeyd olunur ki, aprelin 18-də məktəbdə 15 şagird naməlum səbəbdən özlərini narahat hiss edib.
BŞTİ-dən Lent.az-a verilən məlumata görə, məktəb rəhbərliyi tərəfindən dərhal təcili-tibbi yardıma məlumat verilib və şagirdlər müvafiq səhiyyə müəssisəsinə çatdırılıb.
Həmçinin məktəb rəhbərliyi digər aidiyyəti dövlət qurumlarına və şagirdlərin valideynlərinə məlumat verib.
Müvafiq müayinələrdən və tibbi prosedurlardan sonra şagirdlərin ümumi vəziyyətinin qənaətbəxş olduğu bildirilir.
***
17:41
Bakıda orta məktəbdə kütləvi zəhərlənmə baş verib.
Lent.az xəbər verir ki, hadisə Binə qəsəbəsində yerləşən 149 saylı orta məktəbdə qeydə alınıb.
İlkin məlumata görə, məktəbin idman zalı dezinfeksiya edilib. Şagirdlərin də məhz həmin dezinfeksiyadan zəhərləndiyi bildirilir.
10-a yaxın şagird zəhərlənmə diaqnozu ilə Kliniki Tibbi Mərkəzə yerləşdirilib.