“Ellərimizin xoş ünsiyyət bayramı”

Əsrlərin sınağından çıxmış Novruzun bayram edilməsi  müstəqilliyimizin bizə bəxş etdiyi ən dəyərli irslərdən biridir. Xalqımızın müqəddəs bayramına çevrilmiş Novruz insanlar arasında dostluq və qardaşlıq duyğularının bərqərar olması üçün həmişə gözəl zəmin yaratmışdır. Bütün dünya azərbaycanlıları bu bayramı böyük sevinc və qürur hissilə qeyd edir. Novruz şənliklərində yaranan xoş ünsiyyət insanları həm bir-biri ilə, həm də doğma torpaqla daha sıx bağlayır.

       Novruz ümumxalq bayramı kimi uzun əsrlərdən bəri yurdumuzun hər bir guşəsində müxtəlif el şənlikləri və mərasimlərlə qarşılanır. Ulu Tanrıya, kainatın nizamına və ana təbiətə sonsuz sevginin parlaq ifadəsi olan bu bayramın qədim ənənələrinin bütün rəngarəngliyi ilə qorunub saxlanılması Azərbaycan xalqının öz tarixi-mədəni keçmişinə yüksək ehtiramını və milli-mənəvi dəyərlərə dərin bağlılığını nümayiş etdirir. Deməli, biz fəxr eləyə bilərik ki, Novruz xalqımızın ən böyük bayramıdır. Beləliklə, xalqımız əsrlər boyu bu gözəl bayramın adətlərini qoruyub saxlaya bilib və arzumuz budur ki, gələcək nəsillər də çox əsrli tarixə malik olan bu əziz bayramı qoruyub saxlasın.

 

Novruz bütün ölkədə aşıqların, xanəndələrin, xalq müğənnilərin konsertləri keçirilən kütləvi bayramdır. Burada kəndirbazlar, pəhləvanlar öz güclərini nümayiş etdirir, meydanlarda kosa və keçəlin iştirakı ilə komik tamaşalar göstərilir. Kosa qışı, keçəl isə yazı simvolizə edir. Söz yarışmasında, əlbəttə ki, keçəl qalib gəlir. Kənd yerlərində at yarışları – çovqan oyunu keçirilir. Bakıda əsas bayram tədbirləri əfsanəvi Qız qalasının ətrafında keçirilir. Həmin gün nəhəng qalanın yüksəkliyini nəhəng səməni bəzəyir, gözəl Bahar qızı Qız qalasında  təbiətin oyanmasını, həyatı simvolizə edən məşəli yandırır.

Bu günlər həm də Vətənimizin müstəqilliyi və ərazi bütövlüyünün qorunması naminə canlarından keçmiş Azərbaycan övladlarının xatirəsi bu bir daha ehtiramla yad olunur. Ümidvarıq ki, Azərbaycanın müstəqil ölkə olaraq qazandığı zəfərlər şəhidlərimizin ruhunu şad edəcəkdir.

İnsanlar arasında səmimiyyət və saflıq duyğularını gücləndirən bu bayram günlərində hər evə, hər ailəyə, hər bir Azərbaycan vətəndaşına xoş ovqat və sevinc arzu edirəm. Qoy bu əziz bayram süfrənizi ruzi, qəlbinizi isə xoş hisslərlə doldursun. Sağlamlığınız möhkəm, arzularınız sonsuz, ümidləriniz gerçək olsun!

Qoy bu bayram günlərində Vətənini, el-obasını sevən hər bir insanın bütün məqsədləri yerinə yetsin, arzuları çin olsun!

Rauf Nəsirov,

ADPU Cəlilabad filialında müəllim YAP fəalı