Cəlilabad rayon Veteranlar Təşkilatı Xocalı faciəsinin 31-ci ildönümü ilə əlaqədar “Erməni vəhşiliyinin Xocalı səhnəsi” mövzusunda tədbir keçirib. Rayon Veteranlar evində təşkil edilən tədbirdən öncə nümayiş olunan “Xocalı qətliamı uşaqların gözü ilə” adlı rəsm sərgisi barədə Rəsm Qaleriyasının direktoru Elçin Nəzərov tədbir iştirakçılarına məlumat verib.
Tədbiri giriş sözü ilə rayon Veteranlar Təşkilatının şöbə müdiri, əməkdar mədəniyyət işçisi Xeyrulla Şahbazov açdıqdan sonra şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, onların ruhlarına dualar oxunub. Göytəpə şəhər 1 saylı tam orta məktəbinin tarix müəllimi Fürudin Zeynalov Xocalı sakinlərinə qarşı ermənilərin törətdikləri vəhşiliklər barədə geniş məlumat verdikdən sonra qeyd edib ki, o soyuq qış gecəsi uşağa, qocaya aman verilməyib, 613 dinc əhali qətlə yetirilib, 1275 nəfər əsir aparılıb, 450 nəfər şikəst edilib.
Bu qanlı hərbi cinayətə yalnız ulu öndər hakimiyyətə gələndən sonra hüquqi-siyasi qiymət verilib, Xocalı faciəsi haqqında məlumatlar dünya ictimaiyyətinə çatdırılıb. Rayon Veteranlar Təşkilatının sədri Ədalət Salman, YAP Cəlilabad rayon aparatının rəhbəri Rafiq Məmmədov, Qarabağ qaziləri ictimai birliyinin sədri Maşallah Əliyev, ADPU Cəlilabad filialının baş müəllimi Ələsgər Mirzəzadə, Xocalıdan olan Zaur Kəngərli, rayonun Soltankənd orta məktəbinin müəllimi Dadaş Bayramov, Aypara cəmiyyətinin rayon bölməsinin sədri İlkin Qubadov, Azərbaycan Yazıçılar Birliyinin üzvləri Əfrahim Abbas, İman Abdulla, Mikayıl İnçəçaylı, əmək və müharibə veteranları Kamran Sadıqov, Adil Hüseynov, Qurban Əhmədov, Sakit İsayev, Adıgözəl Nuriyev və başqaları çıxış edərək Xocalı soyqrımını son yüz ildə baş vermiş ən qatı terror hadisəsi adlandırıblar və təəssüflə vurğulayıblar ki, bu qanlı faciəni hələ də dünya ictimaiyyətinə insanlığa qarşı törədilmiş soyqrım kimi tanıda bilməmişik. Amma təsəllimiz budur ki, 44 günlük Vətən müharibəsində azğın ermənilərin başını dəmir yumruğumuzla əzdik və dünyaya göstərdik ki, haqq-ədalət həmişə zəfər çalacaq.