Fevralın 13-ü saat 20:30 radələrində 2003-cü il təvəllüdlü Yevlax rayon sakini Amin Əsədovun çoxsaylı bıçaq xəsarətləri ilə gətirildiyi rayon mərkəzi xəstəxanasında ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Məcra.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu haqda Yevlax rayon prokurorluğu məlumat yayıb.
Bildirilib ki, hadisəni törədən şəxs(lər)in müəyyən olunması istiqamətində istintaq-əməliyyat tədbirləri davam etdirilir.
Faktla bağlı Yevlax rayon prokurorluğunda araşdırma aparılır.
***
Xəbər verildiyi kimi, fevralın 13-ü Yevlax rayon sakini Amin Əsədovun ölməsinə dair rayon prokurorluğunda araşdırma aparılıb.
Araşdırma zamanı zərərçəkmiş şəxsin atası 1984-cü il təvəllüdlü Ramil Əsədovun da bıçaq xəsarətləri ilə xəstəxanaya daxil olması müəyyən edilib.
Faktla bağlı Yevlax rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1 (qəsdən adam öldürmə) və 29, 120.2.7-ci (iki və ya daha çox şəxsi öldürməyə cəhd etmə) maddələri ilə cinayət işi başlanıb.
Hadisəni törədən şəxs(lər)in müəyyən olunması istiqamətində istintaq-əməliyyat tədbirləri davam etdirilir.
***
“Qafqazinfo”nun sorğusuna cavab olaraq DİN-in mətbuat xidmətindən bildirilib ki, keçirilən əməliyyat -axtarış tədbirləri nəticəsində cinayət əməlində şübhəli bilinən rayon sakinləri — 1985-ci il təvəllüdlü Afət Abdullayev və onun oğlu 2004-cü il təvəllüdlü Təbriz Abdullayev saxlanılaraq istintaqa təhvil verilib.