2005-ci ildə iş adamı Zeynalov öz ailəsi ilə birgə qətlə yetirilmişdi. Həmin qətlin sifarişçisi Aleksandr Tyutin digər qətli sifariş edərkən polis əməkdaşları tərəfindən yaxalanmışdı.
“Biz çoxdan Tyutinin izinə düşmüşdük. 2005-ci ilin avqust ayında Leninqrad vilayətində özünün bağ evində 38 yaşlı iş adamı Zeynalov ailəsi ilə (hamilə olan həyat yoldaşı, 11 yaşlı oğlu və 15 yaşlı qızı) birgə vəhşicəsinə qətlə yetirilmişdi. Qatil onların hər birinin gözündən atəş açmış, qızı isə balta ilə doğramışdı. İndi tam əminliklə deyə bilərik ki, saxlanılan Tyutin həmin qətlin sifarişçisidir”, – deyə Sankt-Peterburq və Leninqrad vilayəti üzrə Baş idarəsinin rəisi Sergey Umnov bildirmişdi.
Lent.az-ın məlumatına görə, Stavropol şəhərində isə həmin qətli həyata keçirən şəxs – Aleksandr Zotov ələ keçirilib. O, bu qətli reallaşdırmaq üçün 10 min dollar pul aldığını etiraf edir.
Umnovun sözlərinə görə, Tyutinin Zeynalovu öldürməkdə məqsədi şərik olduğu “Troutski ev 2” tikinti firmasına sahib olmaq imiş.
Tyutin dindirilmə zamanı etdiyi əməlləri boynuna alıb.
Əslində Tyutin başqa bir cinayətə görə ələ keçirilmişdir. O, həyat yoldaşının qardaşını qətlə yetirdikdən sonra polis tərəfindən yaxalanmışdır. Qətlin səbəbi isə onun əmlakını ələ keçirmək istəyi olmuşdur.
2021-ci ildə Tyutin törətdiyi cinayətlərə görə, 23 il həbs cəzası aldı. O, həbsdə çox qalmadı. Ukrayna-Rusiya müharibəsi başlayanda “Vaqner” özəl hərbi şirkətinin rəhbəri Priqojin çağırışı ilə savaşa gedən məşhurlardan biri olub. Həmin vaxt Tyutinin 66 yaşı var idi. Və o, səfərbərlik üçün çox yaxşı sayılırdı. Buna baxmayaraq, o, “Vaqner”ə qoşuldu və Ukraynada döyüşə başladı. Amma bu da uzun çəkmədi. Keçən ilin dekabrında Tyutin cəbhəni tərk etdi, Peterburqa yollandı. Oradan isə həyat yoldaşı ilə birlikdə Antalyaya uçdu. Bəli, düz tapdınız, istirahətə. Artıq bir həftədir ki, Tyutin Antalyanın 5 ulduzlu otellərinin birində dincəlir. Deyilənə görə, onun Aralıq dənizi sahillərində mülkü də var. Ola bilər ki, heç dala qayıtmasın.