Şəkil çəkir ruha
sözün edamı
Müsahibə götürməyə gəlmisən,
Mənim balam, otur çözək həllini.
Sevgi haqda sualını boşa ver,
Yaşım ötüb min ildir ki, əllini.
– Nə yazırsan? Yazdıqlarım ortada,
Nə yazıram, Allah bilir bu sirri.
– Necə olur daşı deşir damlalar,
Açıq qalır indiyəcən su sirri?
…Nəyim varsa saxlamışam şeirdə,
Neçə-neçə ağrı, acı, itkimi.
Ömrü-günü döyür dabanbasaraq, –
Ayrılıqlar şans güdür it kimi.
Çatıldımı fikirlərin qaşları,
Şəkil çəkir ruha sözün edamı.
Nə yaşadıq – qazanc budu, sonrası…
Ta qorxutmur dar ağacı adamı.
Uçan quşun
sağ qanadı başıma
Sınıq körpü, vaxt ölürdü havayı,
Bu gömrükdə sınanırdı inadım.
Vizasını alammadı həsrətim,
“Bir özümü, bir baxtımı qınadım”.
Gecənin də qulaqları kar imiş,
Mən susduqca eşitmədi heç məni.
Yalvarası deyildim ki, dözürdüm,
Qanan deyil, başa düşər gec məni.
Dil-dodağı təpimişdi səbrimin,
At çapırdı sükutumun ağrısı.
Mən özümə qayıdırdım anrıdan,
Qulağımda anamın “Gəl” çağrısı…
Bir səs boyu yolum qalır Təhləyə,
Xəyalımda min yol gedib qayıtdım.
Qəm öpdükcə inadımın gözündən,
Yalan yerə vaxt itirib say uddum.
Uçan quşun sağ qanadı başıma…
Götürülər aramızdan qadağa.
O tərəfdən bir meh vurdu üzümə,
Döz, a kəndim, canım sənə sadağa…
Daha deyəmmirəm
Daha deyəmmirəm qayıdım geri,
Çırmanıb kül töküm, kənddə ev tikim.
Şəhərdə adına şeir yazmışam,
Görən sevildimi orda bu ərkim.
Yenə kim əndərdi gileylərini,
Qınağa bələdi getdiyim yolu; –
İldə üç-dörd dəfə kəndə gəldiyim,
Qırx ildir şəhərdə itdiyim yolu?!
Ağac olammadım yol qırağında,
Kölgəmə sığmadı bir qarışqa da.
Uzaqdan-uzağa salam yolladım,
Heç dadı qalmadı bir qarışda da.
Çıxıb öyəcəyim nəyim qaldı ki…
Öyüddən, danlaqdan keçibdi daha.
Adına yazdığım bircə misramı
Son dua biləydi kaş ki, Allaha.
Daha oxşamıram özümə, payız
Çöldə yağış yağır külək qarışıq,
Hərdən pəncərəmi döyüb qayıdır.
Elə bil kimdənsə qorxub çəkinir,
Qırıb budaqları “söyüb” qayıdır.
Ağaclar utanır çılpaqlığından,
Yarpaqlar bir küncə yığılıb qalır.
Üşüyür payızın rəngləri altda, –
Sərçələr səsinə sığınıb qalır.
Hər üzü payıza yönədir ömrün,
Gileyi qəm dadır qərib axşamın.
Hələ də səhərə ümid bağlaram,
Üstünə fikrimi sərib axşamın.
Hələ ki qar yağıb, soyuq düşməyib,
Səni toplayacam gözümə, payız.
Daha doğmalığın mənə xoş gəlir,
Daha oxşamıram özümə, payız.
İçini söykəyib ayrılıqlara
Arif Mustafazadəyə
İçini söykəyib ayrılıqlara,
Ruhu ovunurdu kədərlə, qəmlə.
Səsini isladan könül nisgili
Gözünün qorunu silirdi nəmlə.
Üzünü sürtməyə utandığından,
Ahıyla öpürdü daşı-divarı.
İlləri su kimi axıb gedirdi,
Köhnə xatirələr – dövləti, varı.
Əlindən küsmüşdü bəyaz saçları,
Nağıla dönmüşdü ərki, inadı.
Sevincin tamını yadırğamışdı,
Səsinə hopmuşdu payızın dadı.
Zamanı geyinib ağrılarına,
Siminə çəkmişdi tavar sazının.
Ömrünü əridib söz eyləmişdi
Qara sevdalısı Qarayazının.
Dostlar məni unutdular
Çox tüyündüm qəm içində,
Can qurutdum nəm içində.
Xilaf çıxdı gəmiçim də,
Dostlar məni unutdular.
Yaddaşımda azıb qaldım,
Nəyim varsa yazıb qaldım.
Bir az ağrı, əzab qaldı, –
Dostlar məni unutdular.
Ömür çapıb getdi atda,
Nə qalacaq görən yadda?
Mən özümə çataçatda
Dostlar məni unutdular.
İlan sevdası var
cığırın, izin
Bədirxan Əhmədova
Geyib ayağına ayrılıqları
Yolların ağrısı gözdə can çəkir.
Ayılıb gördük ki, ömür-gün yarı…
Ürəkmi çəkilir, yoxsa qan çəkir?!
İlan sevdası var cığırın, izin,
Qabıqtək soyulur ömürdən vaxt da.
Tutarı kəsilib xoş xəyalların,
Atını teyləyir dördnala baxt da.
Çəkilmir yollardan yorğun sevdalar,
Döyənək baxışlar sığala yatmır.
Oyaq xatirələr dözüb-tablayır,
Yatmış istəkləri ah da oyatmır.
Urvata mindirib kədəri, qəmi,
Bir oda qurmuşuq xatirələrdə.
Yanağa şeh salır isti duyğular,
Alın yazımızı üşüdür tər də.
Əli ətəyinə çatmır istəyin,
Səsindən aşağı gəlir adamlar.
Sükut köynəyini geyib səsinə,
Bağlı qıfıllarda “ölür” adamlar.
Yenə bizdən ötdü bu yaz da eşqnən,
Yenə də qarşıda payız havası.
Duatək yollara çağırır bizi
Qədim Borçalıda bir saz havası.
“Ədəbiyyat qəzeti”