Son günlər Azərbaycanda “TikTok” sosial şəbəkəsi ilə bağlı xeyli müzakirələr var. Sosial şəbəkə istifadəçilərinin bu plaftorma ilə bağlı fikirləri birmənalı deyil. “TikTok”un bağlanması, sosial şəbəkələrlə bağlı qanun qəbul olunmasını təkliflərin edilməsi, televiziyaların sosial şəbəkələrdən asılı duruma düşməsi əsas müzakirə istiqamətlərindədir.
Aparıcı Azər Zahidin “TikTok” sosial şəbəkəsində başlatdığı teleproyektdə məşhur tiktokerlər iştirak etməsi, iki gün ərzində böyük tamaşaçı marağı qazanan şouya 50 minə yaxın izləyici baxması ilə ölkə miqyasında rekord qırıldı. İzləyicilər tərəfindən 2 gün ərzində 2.2 milyon “jeton”, yəni təxminən 17 min manat göndərildi.
Bəs “TikTok” platformasının bu səviyyəyə gəlməsi nədən asılıdır? Bu məsələlərlə bağlı hansı gözləntilər var?
Məcra.az xəbər verir ki, məsələ ilə bağlı əməkdar jurnalist, professor, Mətbuat Şurasının İdarə Heyətinin üzvü Qulu Məhərrəmli AZXEBER.COM-un suallarını cavablandırıb.
O, qeyd edib ki, “TikTok”un populyarlaşmasının əsas səbəbi həmin platformanın yaydığı materiallarda heç bir etik hədd qoyulmamasıdır:
“Bu gün sosial şəbəkələr məsələsi bizim media üçün aktual mövzulardan biridir. Özünün məlumatlandırma sistemində tutduğu yerlə bağlı, orada gedən proseslərlə bağlı və s. O cümlədən, “TikTok” da dəbdə olan platformalardan biridir. Son bir ildə “TikTok”, ümumiyyətlə, Azərbaycanda çox populyarlaşıb. Məncə, bunun əsas səbəbi həmin platformanın yaydığı materiallarda, mətnlərdə, foto və görüntülərdə heç bir etik hədd qoymaması və beləliklə, auditoriyanı özünə cəlb etməsi ilə bağlıdır. Ona görə də, bu normadankənar davranışlar auditoriya üçün, insan psixologiyası baxımından çox maraqlı və cazibədar olur. “TikTok” da bunu nəzərə alır və auditoriyanı özünə cəlb etmək üçün sərhədləri daha geniş açır”.
Media eksperti bildirib ki, “Azərbaycan auditoriyası tamamən “TikTok”dan asılıdır” fikri doğru deyil:
“Bu, daimi belə davam edə bilməz. Hazırda “TikTok”un Azərbaycanda vergi ödənişinə cəlb olunması ilə bağlı söhbətlər gedir. Bu, o deməkdir ki, artıq lazımı etik hədlər müəyyənləşməlidir. Bu cür problemlər həll olunmalıdır. Amma belə düşünmək olmaz ki, bu gün Azərbaycan auditoriyası tamamən “TikTok”dan asılıdır. Oraya müəyyən adamlar daxil olur, müəyyən proqramlar həyata keçirirlər və s. Sadəcə olaraq, “TikTok”un imkanlarından faydalı, gərəkli və maraqlı informasiyaların yayılması üçün istifadə etmək problemi var. Ondan ağıllı adamlar istifadə edə bilirlər. İndi müəyyən açıq-saçıq, erotik, peşəkar medianın özünə layiq bilmədiyi başqa məzmunlu materillar var ki, onları yayırlar. Amma bütövlükdə, mən o fikri qəbul etmirəm ki, Azərbaycanda media və auditoriyanın xeyli hissəsi “TikTok”dan asılıdır, çoxu onun izləyiciləridir. Zaman-zaman bu və ya başqa sosial şəbəkə popular olur və bu da keçici ola bilər”.
Sosial şəbəkələrin televiziyaları asılı duruma salması fikirlərinə də münasibət bildirən Qulu Məhərrəmli qeyd edib ki, peşəkar media ilə sosial şəbəkə arasında qarşılıqlı faydalanma var:
“Peşəkar media ilə sosial şəbəkə arasında rəqabət gedir, amma eyni zamanda qarşılıqlı faydalanma var. Baxın, sosial şəbəkələrin əsas mövzularından biri televiziyalarda, mediada, onlayn mediada baş verən hadisələrdir, oradakı epizodların yayılmasıdır. Həmçinin televiziyalar da sosail şəbəkəni əsas mövzulardan birinə çevirir. Burada asılılıqdan çox, qarşılıqlı faydalanma var. Məncə, bu cür inteqrativ meyllər davamlı olacaq. Sosial şəbəkənin bəlli bir dövr üçün cazibəli olur. Amma o dövr keçəndən sonra, standartlar orada görünməyəndən sonra auditoriyanın maraq səviyyəsini çox da saxlaya bilmir. Ona görə də, bu proseslər təbiidir, bu, bir informasiya dalğasıdır, keçib gedir. Sadəcə olaraq, peşəkar media auditoriyanı cəlb etmək üçün ən müasir texnologiyalardan, yaradıcılıq imkanlarından istifadə etməlidir, xüsusən, mövzu genişliyi ilə bağlı problem həll etməlidir ki, auditoriyanı özündə saxlaya bilsin”.