Cəfər Cabbarlının Xızıdakı ev-muzeyinin dam örtüyü bərpa olunur

Cəfər Cabbarlının Xızıdakı ev-muzeyinin dam örtüyü bərpa olunur.

“Report” xəbər verir ki, yanvarın 13-də günün ikinci yarısında əsən güclü külək Sumqayıt Regional Mədəniyyət İdarəsinin (RMİ) əhatə etdiyi Xızı rayonunda Cəfər Cabbarlının ev-muzeyinin dam örtüyünün bir hissəsini uçurub. Bundan əlavə, muzeyin binasını elektrik enerjisi ilə təmin edən xətlər qırılıb.

Hadisədən sonra Mədəniyyət Nazirliyi tərəfindən dərhal verilən tapşırığa əsasən Sumqayıt Regional Mədəniyyət İdarəsinin nümayəndələri tərəfindən ev-muzeyə baxış keçirilib, binaya və elektrik təsərrüfatına dəymiş zərər qiymətləndirilib.

Yanvarın 14-də muzeyə elektrik enerjisinin verilişi bərpa edilib. Binanın dam örtüyünün bərpası ilə bağlı işlərə başlanılıb.

Qeyd edək ki, görkəmli şair, dramaturq, ssenarist Cəfər Cabbarlının (1899-1934) Xızıdakı ev-muzeyi ədibin həyat yoldaşı Sona xanım Cabbarlının təşəbbüsü ilə 1956-cı ildə ictimai əsaslarla ev-muzeyi kimi fəaliyyətə başlayıb. 13 ildən sonra muzey olaraq dövlət qeydiyyatına alınıb.

1999-cu ildə muzeydə yenidənqurma işləri aparılıb, 2019-cu ildə isə muzeydə təmir-bərpa işləri görülüb. Muzeyin ekspozisiyasına C.Cabbarlının ailəsinin məişət əşyaları, ədibin kitabları, əsərlərinin tamaşalarından fotoşəkillər, arxiv sənədləri və s. – ümumilikdə 500-dən çox eksponat daxildir.

PAGE TOP