Şirvan Əlillərin Regional Bərpa Mərkəzinin sabiq baş həkimi, son olaraq “Milan Hospital”da həkim-hematoloq kimi çalışan Könül Abbasovanın şok əməlləri üzə çıxıb.
Məcra.az Globalinfo-ya istinadla xəbər verir ki, 1970-ci il təvəllüdlü Könül Şahmalı qızı Abbasovanın tanış olduğu Rəfiqə adlı qadını aldadaraq 235 min manat pulunu alması üzə çıxıb.
Araşdırmalarla müəyyən edilib ki, Könül Abbasova Şirvanda baş həkim vəzifəsində çalışarkən korrupsiya əməllərinə yol verib və barəsində cinayət işi açılıb. O, dövlət müəssisəsində işdən çıxarıldıqdan sonra Bakıda fəaliyyət göstərən “Milan Hospital”da işə düzəlib. Burada Könül Abbasova kürəkəni vasitəsilə Rəfiqə Quliyeva (soyad şərtidir) ilə tanış olub. Özünü yüksək vəzifəli şəxslərin yaxın adamı kimi təqdim edən Könül Abbasova yaxın münasibətlər yaratdığı qadına həmin vəzifəli şəxslərlə tez-tez bağda məclislərdə olmasını və sair fikirlər bildirib. Bu yolla o, Rəfiqə Quliyevanın etimadını qazanıb.
Rəfiqə Quliyeva ona oğlunun Bakı Dövlət Universitetinin Hüquq fakültəsini bitirdiyini deyib. K.Abbasova ona oğlunu Qida Təhlükəsizliyi Agentliyinin rəhbəri ilə eyni sinifdə oxuduğunu bildirərək oğlunu həmin qurumda hüquqşünas vəzifəsinə işə düzəldəcəyinə söz verib. İşin alınması üçün 20 manat pul verilməli olduğunu bildirib. Bütün fırıldaqlar da bundan sonra başlayıb.
Rəfiqə Quliyeva Könülün ondan ümumilikdə 235 min manat aldığını deyib:
Könül Abbasova
“Könülün kürəkəni Mehdini oğlum tanıyırdı. Mehdi oğlumun işləmədiyini bilərək qaynanasının onu istədiyi yerdə işə düzəldə biləcəyini deyib. Mən bunu biləndən sonra Könüllə tanış olub, onun işlədiyi hospitalda görüşdüm. Könül mənə oğlumu Qida Təhlükəsizliyi Agentliyinə hüquqşünas vəzifəsinə düzəldə biləcəyini dedi və bunun müqabilində də 20.000 manat istədi. Razılaşıb, Könülün işlədiyi “Milan” klinikasına getdim və dediyi pulu ona verdim. Səhəri gün Könül zəng edərək əlavə 5000 manat da lazım olduğunu bildirdi. 5000 manat götürüb yenə Könülün işlədiyi klinikaya gedərək pulu verdim. Pandemiya səbəbindən bu iş 2021-ci ilin yanvar ayına qədər uzandı. Oğlum hüquqşünas olduğundan Könül onu DİN-nə təhqiqatçı vəzifəsinə düzəldə biləcəyini dedi və bu işə görə ondan 100.000 manat istədi. Oğlumun işə düzəlməsinə görə oğlumun mənzilini 205.000 manata satdıq. Əvvəlcə 25.000 manat, sonra da 75.000 manatı Könülə verdim. Bu işlə bağlı Könülün işlədiyi klinikaya gedib maraqlanarkən söhbət əsnasında Könüldən kürəkənim Ramalı da (şərti adlı) işə düzəltməsini xahiş etdim. Könül kürəkənimi Nizami və ya Xətai rayon telefon qovşağına rəis vəzifəsinə düzəldə biləcəyini dedi və buna görə 100.000 manat lazım olduğunu bildirdi. Əvvəlcə 50.000 manat, sonra isə qalan 50.000 manatı Könülə verdim. Mənə bildirdi ki, ərimin məhkumluğu olub və bu məsələ oğlumun DİN-ə işə düzəlməsinə mane olur. Ərimin məhkumluğunun DİN-in bazasndan sinlinməsinə görə məndən 30.000 manat istədi. Həmin pulu Samir adlı şəxslə Könülə göndərdik. Mənə ümumilikdə 235.000 manat maddi ziyan dəyib”.
Könül Abbasova barəsində Cinayət Məcəlləsinin 178.3.2-ci (Dələduzluq-külli miqdarda ziyan vurmaqla) maddəsi ilə açılmış işin istintaqı zamanı Rəfiqə Quliyeva ona qarşı 113 min manatlıq mülki iddia qaldırıb. Məlum olub ki, pulun yerdə qalan hissəsini Könülün tanışı Samir götürüb və o da, öz növbəsində Səfər adlı şəxslə şərikli iş qurub. R.Quliyeva pulun qalan hissəsini Samirdən tələb edəcəyini bildirib.
Həmçinin qeyd edilib ki, Samir və Səfər barəsindəki iş Könülün cinayət işindən ayrılıb.
Könül Abbasova barəsində açılmış cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azad Məcidovun sədrliyi ilə baxılıb. Məhkəmədə K.Abbasova özünü qismən təqsirli bilib. Həmçinin onun aldığı pullardan cəmi 9 min manatını zərərçəkən tərəfə qaytarması məlum olub.
Bakı Ağır Cinayətlər Məhkəməsində K.Abbasova barəsindəki cinayət işi üzrə məhkəmə prosesi bu il yanvarın 11-də başa çatıb. Məhkəmənin hökmü ilə K.Abbasovanın üzərində daha əvvəl rüşvətə görə olan məhkumluqla toplanma üsulu ilə ona 9 il 6 ay müddətinə həbs cəzası verilib.