Oğurluq edəcəyim yerləri əvvəlcədən beynimdə çertyoj kimi çəkirdim
Həmin gecə narkotikin doza həddini keçdim. Məni səhərə yaxın koma vəziyyətində həyətdə tapmışdılar
Həyatda əzabların ən ağırını gördüyünü deyən 29 yaşlı X.H…
O, bu gün “Həyat Naminə” reabilitasiya mərkəzində könüllü şəkildə müalicə alır.
12 ildən sonra narkotikdən imtina edən cavan oğlan Lent.az-a bu gözə görünməz bəlanın ona yaşatdığı böyük acılardan, illərlə əziyyət çəkib qazandığı etibarı bir gecədə necə puç etdiyindən danışıb…
– Narkotikdən ilk dəfə nə vaxt istifadə etmisən?
– 10-11-ci sinifdə yavaş-yavaş siqaret çəkməyə, içkidən istifadə etməyə başladım. Artıq 11-ci sinifdə yüngül narkotikdən istifadə etməyə başladım. İlk dəfə o qədər də təsir etməmişdi. 2013-cü ildə həblərdən istifadə etməyə başladım. Həb mənə elə bir enerji vermişdi ki, ondan daha çox istifadə etməyə başladım.
– Səni narkotikə nə vadar edib?
– Qohumlarım istifadə edirdi. Yay tətilində rayona gəzməyə getmişdik. Mənə də məsləhət gördülər. Bir dəfədən heç nə olmaz deyə düşündüm. Amma sonra davamlı şəkildə istifadə etməyə başladım.
– Bəs, ailən şübhələnmirdi?
– Əlbəttə ki, ailəm şübhələnirdi. Çünki qohumlarımın istifadə etdiyini bilirdilər. Onlarla gəzirdim deyə şübhələnirdilər. Yalandan and içirdim ki, istifadə etmirəm. Hətta bir müddət tərgitdim. Uzaq durmağa çalışdım. Əsasən də ağır narkotikdən uzaq durmağa çalışırdım.
– Nə vaxt narkotikdən asılı vəziyyətə düşdün?
– 2016-cı ildə sürətli narkotiklə (metamfetaminlə) tanış oldum. İlk dəfədən təsir etməmişdi. 3-4-cü dəfədən təsir etməyə başladı. 3 ay boyunca hər gün həmin sürətli narkotikdən istifadə etməyə başladım.
2018-ci ildə daha ağır narkotiklə tanış oldum. Həmin vaxtlar imkanım var idi. Hər şey yaxşı idi. Amma pandemiya dövründə işlərimiz dayandı. Artıq borc almağa, oğurluq etməyə başladım. Oğurluq edəcəyim yerləri əvvəlcədən beynimdə çertyoj kimi çəkirdim. Elə bir vəziyyətdə idim ki, narkotiklə aramdakı bütün əngəlləri yox etməyə çalışırdım. Gözümə heç kim görünmürdü. Maşınların faralarını, yan güzgülərini oğurlayırdım.
Narkotik elə bir şeydir ki, insanın həyatında idarəetmə rolunu oynayır. Mən anamın bir damla göz yaşına görə dünyanı dağıdardım. Amma anamı özüm ağlatdım, evdəkilərin və öz qanımı “içirdim”.
Narkotik asılılığını yarasa kimi görürəm. Gün işığına çıxmırdım. Necə ki, canavar öz şikarını gözləyir, mən də onun kimi şikarımı gözləyirdim. İstədiyimə çatana qədər əlimdən gələn hər şeyi edirdim.
– Narkotikə görə nə vaxtsa həbs olunmusan?
– 2021-ci ildə narkotikə görə saxlanıldım. 9 ay müddətində azadlıqdan məhrum oldum. Həmin dövr ərzində heç nə qəbul etmədim. Elə bilirdim ki, sağalmışam, düzəlmişəm. Həbsdən çıxdıqdan 8-10 gün sonra yenə istifadə etməyə başladım. Nəyi qınadımsa, nəyə güldümsə, hamısı başıma gəldi. Özümə nəyi ayıb bilmişəmsə, hamısını etmişəm. Bura gələnə qədər çox diblər görmüşəm.
– Bəs, bununla bağlı hər hansı bir tibbi müalicə almısan?
– Maştağa rayonundakı narkoloji dispanserdə 19 gün boyunca tibbi müalicə almışam. Müalicə alarkən düşünürdüm ki, artıq sağalıram. Amma oradan çıxan kimi yenə narkotikdən istifadə etməyə başladım.
Səhər tezdən xəstəxanadan çıxdım. Qaranlığın düşməsini gözlədim. Həmin gecə narkotikin doza həddini keçdim. Məni səhərə yaxın həyətdə koma vəziyyətində tapmışdılar. Özümə gələndə heç nə xatırlamırdım.
Dəfələrlə evdə müalicə almışam. Elə bilirdim ki, ağrı bitdikdən sonra sağalıram. Amma narkotik belə bir şey deyil.
– Ailən narkotikdən istifadə etdiyini biləndə hansı reaksiyanı verdi?
– Ailəm bunu biləndə çox pis reaksiya verdi. Əlbəttə bu normal idi. Evdə nə qədər deyirdilər ki, etmə, bu yoldan dön. Anam mənə dərdini danışırdı, deyirdi ki, hamıya biabır olduq, sən mənim başımı aşağı etdin. Amma heç bir faydası yox idi. 10-15 gün istifadə etmirdim. Sonra özümə hakim ola bilməyib, yenə istifadə edirdim.
Evdəkilər mənimlə bacara bilmirdilər. Sanki qəlbimə, qulaqlarıma möhür vurulmuşdu. Heç cür özümə gələ bilmirdim.
– Narkotikin ən çox hansı növündən istifadə etmisən?
– 5 il ərzində daha çox heroindən, patıdan və marixuanadan istifadə etmişəm. İki aydır ki, istifadə etmirəm. Narkotik və küçə həyatı mənim mənəviyyatımı yox eləmişdi.
– Bəs, səni bu yoldan çəkindirən nə oldu? Bundan sonrakı planların nələrdir?
– Məni bu yoldan çəkindirən dib oldu. Mən çox dibdəydim. Artıq bezmişdim. İnsan nə qədər oğurluq edər, yalan danışar, anasını ağladar axı? Əvvəlki həyatıma qayıtmaq istəyirəm. Artıq insan kimi yaşamaq istəyirəm. Buraya könüllü şəkildə gəlmişəm. Çünki bu bataqlıqdan çıxmaq istəyirəm.
Burada səhər yuxudan duran kimi yerimizi yığırıq, idman edirik, Allaha dua edirik. Bəlkə də bura narkomana hörmət edilən tək yerdir. Burada bizə mülayim davranırlar.
Biz bir-birimizi çox yaxşı başa düşürük. Çünki burada olan hamı eyni şeyləri yaşayıb. İlk vaxtlar çox çətin idi. Ağrılarım olurdu, yata bilmirdim. Bu barədə dostlarım mənə çox kömək edirdi.