Türkmənistanda baş tutmuş Türkiyə-Azərbaycan-Türkmənistan Birinci Zirvə Görüşü üç ölkə arasında, ticarət, enerji və nəqliyyat sahələrində əməkdaşlığın daha da dərinləşdirilməsi istiqamətində mühüm addımların atılması ilə yadda qaldı. Görüşdə bir daha təsbit olundu ki, son illər türk dövlətləri arasında iqtisadi strateji münasibətlərin dərinləşməsi fonunda ölkələr arasında əlaqələr genişlənir.
Azərbaycan, Türkiyə və Türkmənistan bir-biri ilə etnik, dini-mədəni köklər və ortaq mənəvi dəyərlər ilə sıx bağlıdır. Tarixi bağlar üzərində qurulmuş münasibətlərimiz ölkələrimiz arasında iqtisadiyyat, ticarət, nəqliyyat-logistika və digər sahələrdə əməkdaşlığın inkişafı üçün imkanlar yaradır. Azərbaycanın həm Türkiyə, həm də Türkmənistanla siyasi əlaqələri də yüksək səviyyədədir. Türkiyə ilə keçən il imzaladığımız Şuşa Bəyannaməsi münasibətlərimizi strateji müttəfiqlik səviyyəsinə çatdırmışdır. 2017-ci ildə Azərbaycan ilə Türkmənistan arasında strateji tərəfdaşlıq haqqında Bəyannamə imzalanmışdır.
Prezident İlham Əliyevin Zirvə Görüşündəki dərin məzmunlu çıxışında iqtisadi əməkdaşlığın inkişaf dinamikası nümayiş olundu. Dövlət başçımız göstərdi ki, 2022-ci ilin yanvar-oktyabr aylarında Azərbaycanın Türkiyə ilə ticarət dövriyyəsi 45 faiz artaraq 5 milyard dollara çatmışdır. Azərbaycandan Türkiyə iqtisadiyyatına 20 milyard dollara yaxın, Türkiyədən Azərbaycan iqtisadiyyatına isə 14 milyard dollara yaxın sərmayə yatırılmışdır. Bu il Türkmənistan ilə ticarət dövriyyəsi 5 dəfə artmışdır.
Tədbirdə imzalanmış sənədlər bundan sonra Azərbaycan-Türkiyə-Türkmənistan üçtərəfli formatının inkişaf etdirilməsində önəmli rol oynayacaq. Bu sənədlərdə türk dünyasının inteqrasiyası, güclənməsi, türk dövlətləri arasında əməkdaşlığın daha da dərinləşməsi yönündə Azərbaycanla Türkiyənin və Türkmənistanın birgə fəaliyyəti ilə bağlı çox önəmli, geosiyasi çəkisi çox böyük olan məqamlar var. Bir daha görürük ki, bütün dünyaya nümunə olan və daim güclənən Azərbaycan, Türkiyə və Türkmənistan münasibətləri dayanmadan inkişaf edir, əməkdaşlığın yüksək səviyyəsi hərtərəfli əlaqələrin gücündən və sarsılmazlığından xəbər verir. Üç dövlət arasındakı əməkdaşlığın demək olar ki, əsas sahələrdə dərinləşdirilməsi nəzərdə tutulur. İnanırıq ki, əməkdaşlıq mənafeləri və beynəlxalq hüquq tələbləri çərçivəsində bütün addımları gələcəkdə də atılacaq.
Arifə Hüseynova,
Cəlilabad rayon Kazımabad kənd
körpələr evi-uşaq bağçasının müdiri