“Azpetrol” şirkətindəki bu problemlə bağlı dəfələrlə Vergi Xidmətinə müraciət etmişəm…”-Ekspert

Eyyub Hüseynov: “Çox təəssüflər olsun ki, servis xidmətləri buna görə böyük xərcə düşürlər, amma qorxularından səslərini çıxarda bilmirlər”

 

“Bu problem ölkədə mövcuddur. Ümumiyyətlə, istehlakçı kassa qəbzi istəməyəndə bu ona verilmir. Ciddi məsələlərdən biri budur ki, illər boyudur “Azpetrol” şirkətinin yanacaqdoldurma məntəqələrində verilən kassa qəbzini demək olar ki, heç bir mühasibat sənədinə tikmək olmur. Xüsusən bununla bağlı əcnəbi vətəndaşlar bizim quruma müraciət ediblər. “Azpetrol” şirkətinin yanacaqdoldurma məntəqələrində verilən pulun miqdarı görünmür. Məsələn, adətən belə yazırlar: 100 manat ödəniş olundu, filan qədər geri qaytarıldı. Mən dəfələrlə bununla bağlı  İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi xidmətinə müraciət etmişəm ki, “Azpetrol” şirkətinin yanacaqdoldurma məntəqələrində bu kassa aparatları düzəldilsin. Birmənalı şəkildə insanların ödədiyi məbləğ öz əksini tapsın. Yalnız kartla ödəniş edəndə dəqiq ödəniş məbləği göstərilir. Nəğd pulla ödəyəndə isə ümumiyyətlə, o rəqəm göstərilmir”

 

Bunu Məcra.az-a açıqlamasında Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov yanacaqdoldurma məntəqələrinin istehlakçılara kassa qəbzi təqdim etməməsi haqda danışarkən deyib. Qurum sədri mövcud problemin həlli istiqamətində kompleks tədbirlərin görülməsinin vacibliyini vurğulayıb:

 

“Ümumiyyətlə, istehlakçılar bilməlidirlər ki, ödəniş edərkən kassa qəbzini tələb edib, almaq lazımdır. Yəni avtomobildə yanacaqla bağlı problem yaranarsa, kassa qəbzi sübutdur.

 

Qeyd edim ki, yanacaqla bağlı problemlər yaşanır. Hər həftə Azad İstehlakçılar Birliyinə bir neçə telefon zəngləri olur. Hətta müasir son model avtomobillərin satışında və alışında problem yaranıb, çünki onlar satılan yanacaqlara uyğun deyil. Çox təəssüflər olsun ki, servis xidmətləri buna görə böyük xərcə düşürlər, amma qorxularından səslərini çıxarda bilmirlər. Çünki yanacaq məsələsinin arxasında çox böyük qüvvələr durur və ona görə həmin servis mərkəzləri çətinlik içərisindədirlər. Bir müddət öncə bizə Çin istehsalı olan avtomobildən şikayət daxil olub və mən bununla bağlı dövlət qrumlarına müraciət etmişəm. Avtomobil 2 min kilometr getməmiş yanacağın keyfiyyətsizliyi ucbatından sıradan çıxıb. Servis mərkəzi isə bununla bağlı rəsmi sənəd verməkdən çəkinir. Düşünürəm ki, Azad istehlakçılar Birliyinin və medianın işidir ki, bu məsələləri araşdırsın və masanın üstünə qoysun. Təsadüfi deyil ki, ölkə Prezidenti media nümayəndələriylə görüşəndə demişdi ki, “mən ən ilginc məlumatları mediadan alıram”. Ona görə bizim birgə işimizdir ki, bu məsələləri araşdıraq”.

 

Vasif Əlihüseyn

PAGE TOP