Azərbaycan Prezidenti cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın doğma Qarabağımızdakı qısa zaman kəsiyində aparılan quruculuq işləri ilə tanış olmaları, festivalların, poeziya günlərinin, mədəni və digər tədbirlərin keçirilməsi Azərbaycan adlı dövlətin qüdrətini bir daha bütün dünyaya göstərdi.
Bu günlərdə dövlətimizin başçısı xalqımıza daha bir qürur və sevinc hissi yaşatdı. Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın Şuşaya növbəti 8 noyabr Zəfər səfəri tarixin daha bir şanlı səhifələrindən oldu.
Ən əsası budur ki, Prezident İlham Əliyev azad olunmuş bölgələrə qalib ordunun və dövlətin qalib sərkərdəsi kimi səfər edir. 30 ilə yaxın müddət ərzində bu torpaqları işğal altında saxlayan düşmən dövlət siyasəti dərəcəsinə çatdırılan terror hərəkətləri törədib, evləri, infrastrukturu dağıdıb, yeraltı və yerüstü sərvətləri talan edib. Bir sözlə, bir vaxtlar həyat qaynayan rayonlarda dədə-baba torpaqlarından qovulan azərbaycanlıların ev-eşikləri erməni vandalları tərəfindən yerlə-yeksan olunub. Bəli, bu, erməni xislətinin mahiyyətini, vandallığını, vəhşiliyini göstərir.
Dövlət başçımız Şuşadakı çıxışında qeyd edib ki, Azərbaycan iqtisadiyyatı dayanıqlı iqtisadiyyatdır. Belə ağır müharibədən çıxmış ölkə azad edilmiş torpaqlarda iki il ərzində genişmiqyaslı quruculuq işləri aparır. Bütün bu işlərin də maliyyə mənbəyi Azərbaycan büdcəsidir. Biz bu iki il ərzində heç bir ölkədən, heç bir təşkilatdan, heç bir donordan bir manat belə yardım almamışıq.Hazırda Şuşada görülən işlər Müzəffər Ali Baş Komandanın Şuşanın işğaldan azad edildiyi gün xalqa müraciətində söylədiyi “Əziz Şuşa, biz səni dirçəldəcəyik!” sözlərin çox qısa bir zamanda reallaşdığını sübut edir. Prezident İlham Əliyevin və Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın xüsusi diqqəti nəticəsində Şuşa şəhəri sürətlə dirçəlir, o cümlədən tarixi, mədəni və dini abidələrimiz bərpa olunur. Əminik ki, dövlətimizin gücü və qüdrəti sayəsində əvvəlki görkəmindən də gözəl edəcəyik.
Elnur Əmirov,
Cəlilabad Rayon İcra Hakimiyyəti başçısının Göytəpə şəhər
İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəsi