Azərbaycanın son Qarabağ savaşında qələbəsindən, şanlı ordumuzun torpaqlarımızı düşmən işğalından azad etməsindənartıq iki il keçsə də, Zəfərimizin sevinci də, zəfərli yolumuz da, hər gün əziz Qarabağa yeni qayıdışlarımız da davam edir. Biz son dərəcə məmnunuq ki, Azərbaycan xalqı Şuşaya müzəffər xalq kimi qayıdıb. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın noyabrın 8-də Şuşaya son səfəri də Zəfər tariximizi növbəti mühüm hadisələrlə zənginləşdirdi.
Prezident Şuşada çox dərin məzmunlu çıxış edib. Dövlət başçısı göstərib ki, alınmaz qala sayılan Şuşanı iki il bundan əvvəl erməni işğalından azad edən Azərbaycan Silahlı Qüvvələri şanlı tarix yazdı. Bu şanlı tarix bizimlə əbədi olacaq. Azərbaycan xalqı, gələcək nəsillər bu şanlı Qələbə ilə haqlı olaraq fəxr edəcəklər.
İkinci Qarabağ müharibəsinin dərsləri Ermənistan tərəfindən unudulmamalıdır və onlar bilməlidirlər ki, odla oynamaq onlara baha başa gələcək. Əgər orada kimsə – istər iqtidar, istər müxalifət, istərsə də xaricdən göndərilmiş, öyrədilmiş hansısa ünsür yenidən bizə qarşı hansısa bəd fikirdə olmaq niyyətindədirsə, o, bizim yumruğumuzu bir daha görəcək və son iki ilin tarixi bunu göstərdi. Hətta bu il “Fərrux” əməliyyatı, “Qisas” əməliyyatı, 13-14 sentyabr Ermənistan-Azərbaycan sərhədindəki hadisələr – bütün bunlar Ermənistan üçün dərs olmalıdır.
Bizim vətənpərvərlik məsələləri ilə bağlı çox fəal siyasətimiz olmuşdur. Gənc nəsli vətənpərvərlik ruhunda tərbiyə etmək dövlət siyasətinin əsas istiqamətlərindən biridir. Gənclərimiz vətənpərvərdir, Vətənə bağlıdır və İkinci Qarabağ müharibəsi bunu göstərdi.
Biz ölkə rəhbərinin sözlərinə tam inanırıq və onun hər bir addımını daim dəstəkləyirik. Çünki bu addımlar reallığa əsaslanır. Dövlət başçımız hər zaman deyir ki, siyasət sözlərə, şüarlara yox, məhz real əməllərə söykənməlidir. Cənab İlham Əliyevin rəhbərlik etdiyi ölkəmiz hazırda regional və hətta beynəlxalq proseslərə təsir gücünə malik mühüm siyasi mərkəzdir. Bu faktın arxasında da məhz Prezidentimizin reallıqları düzgün qiymətləndirməsi, praqmatik addımlar atmaq bacarığı dayanır. Dövlət başçımız Azərbaycanı dövrün bütün çağırışlarına ustalıqla uyğunlaşdırdı. Qarabağ da, o cümlədən Şuşamız da hadisələrin Ali Baş Komandanımız tərəfindən düzgün qiymətləndirilməsi sayəsinda azadlığa qovuşdu.
Təsadüfi deyil ki, hazırda cari və gələcək aktual hərbi-siyasi problemlərin xarakterini və həlli vasitələrini müəyyəşləndirən mükəmməl hərbi konsepsiyasımız var. Qüvvəmizə dərin inamımız var, məhz buna görə də qələbə sevinci yaşayırıq, doğma və əziz Şuşanı da gəlişlərimizlə salamlayırıq. Amma yenə də ayıq-sayıq olmalıyıq.
Xalid Əsgərov,
Cəlilabad RİH-nin əməkdaşı