Əzimli (Əzimov) Ələddin Qüdrət oğlu 1955-ci il yanvar ayının 10-da Cəlilabad rayonunun Alar kəndində anadan olub. 1978-ci ildə BDU-nun filologiya fakültəsini bitirib. 1978-2000-ci illərdə müəllim işləyib. 2000-2013-cü illərdə “ANS” Müstəqil Media və Yayım şirkətinin Cəlilabad müxbir məntəqəsinin rəhbəri olub. 2005-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvüdür.
Mecra.az tanınmış jurnalist, şair Ələddin Əzimlinin şeirlərini təqdim edir:
***
Bir gör haçankı gecədir,
Səhəri açmaq olmayır.
Dərd ki səni ram elədi,
Əlindən qaçmaq olmayır.
***
Bu nə təlaş, nə oyundu,
Bəlkə də axırdı, sondu.
Kim özünə arxayındı,
Yanından keçmək olmayır.
***
Gəl tab elə bu əzaba,
Dolaş el-el, oba-oba.
Bir də gördün söndü soban,
Artıq nur saçmaq olmayır.
***
Əldən vermə dayağını,
Yerə bərk bas ayağını.
Göylər açıb qucağını,
Heyf ki uçmaq olmayır…
TƏNHALIQ
Gözlərindən sezirəm
Tənha yaşadığını.
Gecələri səhərə
Yalqız daşıdığını.
Bir az dincəl, sakitləş,
Şıltağlığı yığışdır.
Səs-küyə fikir vermə,
Çöldə külək, yağışdır.
Qəlbində baş verənlər,
Sanki, alın yazısı.
Cürət edib kim onu
Ordan silib-pozası.
Qəlbin gözə yola var,
Bu həmin tənhalıqdr.
Yatanda, duranda da
Səninlədir, oyaqdır.
Hərdən düşünürsən ki,
Yorub səni bu acı.
İnan, öz əlindədir
Hər ağrının əlacı.

HƏR ŞEY TƏRSİNƏ
Keçəcək
yandırıcı istilər də.
Soyuyacaq
torpaq da, daş da.
Yarpaqlarını tökəcək
bu qoca ağac da.
Günbəgün
qısalacaq ömür-gün.
Bayırda
azalacaq səs-səmir.
Ancaq qəribədir,
çox qəribədir,
gəlmir səndən
təzə bir xəbər.
Bu bir həqiqətdir,
uzaqlaşırsan məndən
anbaan,
zaman-zaman.
Gündə
xeyli xəbər gəlir
yadlardan, doğmalardan,
irili-xırdalı müharibələrdən,
xəstəxanalardan.
Çoxalır
çarəsiz dərdlər.
Hamı məsləhət verir,
itirir mənasını öyüdlər.
Qəmgin-qəmgin
başını dikir aşağı
adamlar, ağaclar,
məcnun söyüdlər.
Dövrəmdə isə
hər şey tərsinə,
səs-küylü quşlar belə
qısılıb səsinə.
Həyat çəkir məni
qanlı dişinə.
…Heç özüm də bilmirəm,
nə deyəsən,
işlərin bu gedişinə?..
PƏNCƏRƏ
Söndü o pəncərə.
Baxa-baxa
itirdim o pəncərəni.
İndi gəl,
səhər elə gecəni.
Ötən gecələr
bir olar…üç olar,
nə bilim , neçə olar.
Yatarsan,
yuxunu yora-yora
səhərə çatarsan.
Amma,
nə vaxtdır sönməklə,
qaranlığa bürünməklə
aldadır
məni o pəncərə.
Onsuz,
çətin, ağır olsa da
nurlu səhərin də,
şirin həyatın da
sonu gecədir-
əbədi qaranlıq.
Düşünməyə
dəyməz bu haqda.
…Ey, sən,
zorla seçilən siluet!
Söylə,
nə axtarırsan
bu zülmət qaranlıqda?…
SON
Əməlindən,
əlindən,
Bitib tükəndi səbrim.
Nə vaxt çatdım bu yaşa,
Heç özüm də bilmədim.
Olan oldu, iş bitdi
Dörd divar arasında.
Necə bilək,
de bura
Dünyanın harasıdır?
Köçüm
özümdən qabaq
Bu yollarda didərgin.
Demə,
elə beləymiş
Bünövrədən təməlin.
Biz axı,
hardan bilək,
Sən bir mələk donunda.
İzn ver,
nəfəs dərək
Köçhaköçün sonunda.
MÜRGÜ
Sakit gecədir,
mürgüləyirəm masanın arxasında.
Elə burdaca
yatmaq istəyirəm,
qələm-dəftərdən,
evdəkilərdən xəbərsiz.
Bu həzinlik
sanki layla çalır mənə.
Vədəsiz yuxu
ağuşuna alır məni.
Narın yağışlı hava,
yapışmışam əlindən.
Həmişəki bağçadır,
Amma yaz yox, payızdır.
Yer-göy tamam dəyişib,
vaxt, təbiət
aşıb oz sərhədini.
Bir az irəlidə
qaranlığın içindən
kimsə səsəyir məni,
ayiliram mürgüdən…
Nə o narın yağış var,
nə o çiskinli bağça,
nə də əli əlimdəki sən.
Vaxt keçir, gecə ötür.
Yenə də əvvəlkitək
yapışmışam
ruhuma dayaq olan
daimi həmdəmimdən-
qələmdən.
İLĞIMA SARI
Görən, hara gedir bu qatar belə,
Dəvə qatarı.
Oğulsan, ovsarın gəl keçir ələ,
Bir anlıq barı.
Yeri məhvərində saxlayan odur,
Ha yüyür, zamanı haqlayan odur,
Qapiları açan, bağlayan odur,
Sirdir şüarı.
Haqdan uzaq düşüb, əhdini pozmaz,
Gedər gecə-gündüz, bir dəfə azmaz.
Çünki yollarında, sən gəl qulaq as,
Yoxdur hasarı.
Onunla qardaşdır, sirdaşdır fələk,
Odur ki, bilməyir nə qar, nə külək.
Bəlkə, bu karvana qoşulub gedək,
İlğıma sarı.





























