Eyyub Hüseynov: ““Düşünürəm ki, Qida Təhlükəsizliyi Agentliyinin ardıcıl olmayan işini Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə həvalə etmək lazımdır”
“Əslində müəyyən olunmuş bu hal dəryada bir damladır. Yəni təhlükəli içkilərlə insanların tədrici zəhərlənməsi və ciblərinin soyulması illərdir ki, davam edir. Hələ dörd il bundan öncə Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi sübut etdi ki, ölkənin əmtəə bazarında ən brend içkiləri belə saxtalaşdırırlar. Lakin bu işlər çox epizodik olur. Təəssüflər olsun ki, Qida Təhlükəsizliyi Agentliyi yalnız malların təhlükəsizliyinə baxır. O cümlədən onların gördüyü işlər ardıcıl deyil. Yalnız bir ardıcıl işinin şahidi olmuşuq və o da qəndin tərkibində olan kimyəvi maddələr məsələsidir”
Bunu Məcra.az-a açıqlamasında Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov saxta spirtli içkilər haqda danışarkən deyib. Qurum sədri bu istiqamətdə ardıcıl tədbirlərin görülməsinin vacibliyini vurğulayıb:
“Düşünürəm ki, Qida Təhlükəsizliyi Agentliyinin ardıcıl olmayan işini Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə həvalə etmək lazımdır. Hesab edirəm ki, bu işi ardıcıl aparsaq, ölkənin əmtəə bazarında bir dönüş yarada bilərik. Biz şahidi oluruq ki, ən bahalı restoranlarda, gecə klublarında insanların aldadılması, zəhərlənməsi baş verir. Ümumiyyətlə, keyfiyyət məsələsi masanın üstündədir və bununla heç bir dövlət qurumu məşğul olmur. Bütün bunların da səbəbi istehlakçı hüquqlarını qoruyan qanunun zəif olması, köhnəlməsi və onu yerinə yetirən İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tam effektsiz işləməsidir.
Bu istiqamətdə sadə dönüş yaranmalıdır. Ölkənin əmtəə bazarında spirtli içkilər seqmentində ciddi yoxlamalar getməlidir, çünki bu cür hallar şadlıq evlərində, restoranlarda geniş yayılıb. Qeyd edək ki, saat 18:00-da AQTA-nin işçilərinin iş vaxtı bitir və onlar evə gedir, bu zaman isə şadlıq saraylarında iş başlayır. Yalnız Daxili İşlər Nazirliyinin qüvvələri bütün sutka ərzində işləyən orqandır və düşünürəm ki, bu orqanın işini bir az da gücləndirmək lazımdır. Bu cür təhlükəli malların qarşısını almaq üçün onlara müəyyən səlahiyyətlər verilməlidir. Adı çəkilən qurum bu kimi əhəmiyyətli məsələləri ifşa edir və qida təhlükəsizliyinin bərpa olunmasında da həmin quruma əlavə imkanlar yaradılmalıdır. Bir sözlə, bu sahədə böyük problemlər yaşanır. Azad İstehlakçılar Birliyi olaraq saxta spirtli içkilərin satışıyla məşğul olan şəxslərin fəaliyyətinin ifşa edilməsi bizi sevindirir. Lakin böyük problemlər yaşanmaqda davam edir”.
Qeyd edək ki, Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən saxta spirtli içkiləri gecə klublarında müştərilərə satan mütəşəkkil dəstənin üzvləri saxlanıb. Onlar kustar üsulla viski, tekila, konyak, araq və digər növdən olan spirtli içkilər hazırlayıblar.
Vasif Əlihüseyn