Masallıda qanunsuz tikildiyi iddia olunan supermarket sökülür.
Məcra.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu barədə supermarketin sahibi Azər İsmayılov məlumat verib.
A.İsmayılov bir neçə gün öncə məsələnin həll olunması üçün məhkəməyə müraciət etdiyini bildirib.
“Məhkəmə prosesi gedənə kimi icra hakimi, polis və digər orqanlar tərəfindən mənə maneə törədilməməsi qərarı verildi. Təəssüflər olsun ki, buna baxmayaraq icra hakimi tərəfindən söküntü işləri başladıldı. Mən də bildirdim ki, Fövqəladə Hallar Nazirliyinin söküntü ilə bağlı qərarının olduğu sənəd varsa, bu qanuni yolla müraciət əsasında olmalıdır. Biz də onu əlimizdə əsas tutub məhkəməyə müraciət etməliyik. Buna baxmayaraq söküntüyə başlanıldı və hazırda da davam edir”.
Artıq məsələ ilə bağlı Masallı rayon İcra Hakimiyyəti də rəsmi səhifələrində məlumat paylaşıb:
“Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təklükəsizliyə Nəzərət Dövlət Agentliyinin qərarı ilə İsmayılov Azər Əşrəf oğlunun qanunsuz hüquqi sənədi olmadan 5 (beş) mərtəbəli yaşayış binasına bitişik vəziyyətdə qanunsuz tikilmiş obyektin söküntüsünə başlanılıb”.
Qeyd edək ki, sahibkar bir müddət öncə də saytımıza müraciət edib. A.İsmayılov Masallı rayonunun icra başçısı Araz Əhmədovun onun fəaliyyət göstərməsinə süni maneələr yaratdığını iddia etmişdi. O bildirib ki, istifadəyə vermək istədiyi obyektin fəaliyyətinin qanunsuz olması ilə bağlı ona hər hansı məhkəmə qərarı da təqdim edilməyib.