Bəzən yararsız saydığımız karton kağızları kimin üçünsə olduqca önəmli və dəyərlidir. Məsələn, Cəlilabad sakini, 38 yaşlı Elçin Quliyev kartona böyük yaradıcılıq imkanı kimi baxır.
Elçin kartondan müxtəlif növ avtomobil, ev və digər maketlər hazırlayır. Onun kartonla işləməsi maraqlı olduğu kimi, həm də böyük səbir tələb edir.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, kartondan əsasən avtomobil modellərinin dizaynını hazırlayan Elçin yeniliyə də imza atıb. O yeni, tam yanacaqsız işləyən avtomobil modelinin dizaynını hazırlayır. Üzərində işlədiyi avtomobil modelinin motor həcmi 2 litr olmaqla, 180 at gücünə hesablanıb.
Elçinin əl işləri arasında, kartondan “Lamborghini” avtomobili daha çox diqqət çəkir. Bundan başqa, ilk dəfə 2010-cu ildə “Cadillac ATS” avtomobilinin yeni dizaynını işləyib və eskizi şirkətin Moskva filialına göndərib. Eskiz şirkət nümayəndələrinin diqqətini cəlb edib və avtomobilin 3D formatında şəklini istəyiblər. Amma Elçin o zaman kompüter proqramını bilmədiyindən eskizi 3D formatında işləyə bilməyib.
Əsasən “SPEED CAR” modellərini işləməyə üstünlük verən Elçin digər avtomobillərin də yeni dizaynı üzərində çalışır.
Onun əl işləri arasında ev maketləri də xüsusi yer tutur. Hazırladığı ev maketlərinin daxili hissəsi isə fərqli formada – mücrü, sandıqça kimi istifadə edilə bilir.
Dizayner yaxın günlərdə müəllif hüququ almaq üçün Müəllif Hüquqları Agentliyinə müraciət edəcək. Sonra hazırladığı modeli “Toyota” avtomobil şirkətinə göndərmək niyyətindədir. Şirkətdən müsbət cavab alacağına inanan Elçinin ən böyük arzusu Azərbaycanı Avropada avtomobil dizaynı üzrə müsabiqələrdə təmsil etməkdir.