Ərəb Dövlətləri Liqasının 31-ci Sammitində Qoşulmama Hərəkatının Sədri qismində iştirak edən Azərbaycan Prezidenti İlham Əliyev öz ölkəsi ilə yanaşı, bu mötəbər tədbirin Fəxri qonağı kimi Hərəkatda birləşən 120 ölkəni təmsil edib. Sammitdəki çıxışında Qoşulmama Hərəkatının BMT-dən sonra ikinci ən böyük təsisat olduğunu diqqətə çatdıran Prezident İlham Əliyev Azərbaycanın 2019-cu ildən Hərəkata sədrlik etdiyini və üzv dövlətlərin yekdil səsi ilə seçildiyini qeyd edib. Sammitdəki çıxışı zamanı Prezident Əlcəzair rəhbərliyini, hökumətini və xalqını şanlı ildönümü, ölkənin bir milyon şəhidinin fədakarlığı ilə müstəqilliyini əldə etdiyi gün münasibətilə təbrik edib. O, Ermənistan üzərində qazanılan Qələbəyə, Əlcəzair və Azərbaycanda iki qardaş xalqın mübarizəsi arasında böyük oxşarlıqlara da toxunub.
Cənab Prezident sammitdəki çıxışında Fransanın hakim dairələrinin daha çox Emmanuel Makronun ermənipərəst mövqeyini ciddi tənqid etmiş, Fransa demokratiyasının iç üzünü açmış, yürüdilən siyasətin bəşəriyyətə, beynəlxalq hüquq normalarına zidd, dövlətlərin müstəqilliyinə və ərazi bütövlüyünə hörmətsizlik olduğunu aydın faktlarla göstərmişdir.
Fransanın Əlcəzair xalqına qarşı törətdiyi qətliam dünyanın heç vaxt unutmamalı olduğu bir hadisədir. Bu dəhşətli qətliam 1,5 milyon insanın ölümü ilə nəticələnib. Əlcəzairə səfəri çərçivəsində Şəhidlər abidəsini və Milli Mücahidlər Muzeyini ziyarət etdiyini vurğulayan dövlətimizin başçısı bildirib: “Bu gün bu dəhşətli hadisəni xatırlayarkən gələcəkdə belə fəlakətlərin qarşısının alınması üçün əlimizdən gələni etməliyik”. Dövlətimizin başçısı noyabrın 1-də Əlcəzairdə keçirilən Ərəb Dövlətləri Liqasının 31-ci Zirvə toplantısında çıxış edərkən bildirmişdir ki, “Fransanın Əlcəzair xalqına qarşı zorakılığı, kütləvi qəddarlığı dünya heç zaman unutmamalıdır”. Fransanın bu gün Ermənistana verdiyi dəstək, təcavüzkarı müdafiə etmək, onu yeni müharibəyə, torpaqların zəbt edilməsinə həvəsləndirmək elə işğal siyasəti yeritməyin bir formasıdır. Qeyd edək ki, vaxtı ilə ərəb dünyasının ən böyük ölkəsinin 11 milyondan çox vətəndaşına muxtariyyət verməkdən imtina edən Fransa indi Qarabağda yaşayan 20 min erməniyə müstəqillik verilməsi üçün dəridən-qabıqdan çıxır, Azərbaycana qarşı məkrli siyasət yeridir, təcavüzkar Ermənistanı hər bir vasitə ilə müdafiə edir.
Birdəfəlik bilməliyik ki, Xocalıda, Qaradağlıda, Xocavənddə, Kəlbəcərdə törədilən soyqırımlarına, Gəncənin, Bərdənin, Tərtərin və bir çox rayonların raket atəşinə tutulmasına, yerlərdə mülki əhalinin qətlə yetirilməsinə biganə qalmaq və insanların başına bu müsibətləri gətirənləri müdafiə etmək terroru, soyqırımları dəstəkləməkdir. Buna görə də dinc insanlara qarşı törədilən qətliamlar heç vaxt unudulmamalıdır.
Afər Cabbarov,
Masallı Regional Mədəniyyət İdarəsi Cəlilabad Nümayəndəliyinin əməkdaşı