Xalqımız Zəfər bayramını qeyd edir. 2020-ci ilin 27 sentyabrından 10 noyabr tarixinə qədər davam edən 44 günlük Vətən müharibəsi Azərbaycanın tarixi Zəfəri ilə başa çatdı, ölkənin ərazi bütövlüyü bərpa edildi! Bu tarixi qələbə, ilk növbədə, Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin azad iradəsi və müzəffər Azərbaycan Ordusunun döyüş meydanında sərgilədiyi şücaəti ilə qazanıldı. Bir daha əyani şəkildə görürük ki, Prezident İlham Əliyevin “Biz birlikdə güclüyük” şüarı bu gün xalqın qalib ruhunun parlaq göstəricisidir. Birliyə dəvət edən Prezident xalqın dəmir yumruq kimi birləşməsinin əsas səbəbkarıdır. Hər zaman xalqın dəstəyinə arxalanan Prezidentimiz xalqın məhəbbətinə layiq görülüb. Bu isə onu göstərir ki, bütün dövrlərdə və yaşanan hadisələrdə Prezidentin seçimi xalqın yanında olmaqdan ibarət olub. Xalqın qəhrəman Ordumuza inamı və dəstəyi, həmçinin ölkədə yaşanan milli və siyasi həmrəylik yaşadığımız qələbənin ideoloji əsasıdır.
44 günlük Vətən müharibəsində Azərbaycan Ordusunun qətiyyəti və şücaəti ilə Qarabağın azad edilməsi faktını geniş mənada bəzən təsəvvürə gətirmək belə çətin olur. Amma bölgələrdə Prezident İlham Əliyevin izdihamla qarşılanmasının ölkəmizdə yaşanan xalq-iqtidar birliyinin təcəssümü olduğunu vurğulayarkən deməliyik ki, xalqın dəstəyi dövlətin tükənməz gücünün mənbəyidir. Hamını birləşdirən Vətən müharibəsindəki qələbəmiz milli birliyin nəticəsidir. Xalqın qələbə və tarixi ədalətin bərpa olunması ilə bağlı arzularının reallaşması milli birlikdən keçib.
Ermənistan silahlı qüvvələrinin Azərbaycan torpaqlarını işğal etməsi azərbaycanlıları doğma yurd-yuvalarından didərgin salmaqla yanaşı, ölkəmizin iqtisadiyyatına və
mədəni irsinə də ağır zərbə vurmuşdur. Bir milyondan çox azərbaycanlı 30 il ərzində qaçqın və məcburi köçkün həyatı sürməyə məcbur olmuşdur. Ermənistan bu müddət ərzində işğal altında saxladığı Azərbaycan ərazilərini acınacaqlı vəziyyətə salmış, şəhər və kəndlərdə infrastrukturu tamamilə məhv etmiş, Azərbaycana milyardlarla dollar dəyərində maddi ziyan vurmuşdur.
Qarabağın erməni işğalından azad olunması nəticəsində Azərbaycan həm öz ərazi bütövlüyünü, həm də düşmən üzərində güclü qələbə çalmağı təmin etmiş oldu. Şanlı Qələbədən sonra Azərbaycanın nəqliyyat-kommunikasiya, logistika imkanlarını genişləndirməsi üçün çox əlverişli imkan yaranıb. Zəngəzur dəhlizinin açılması uzun illər blokadada olmuş Naxçıvan Muxtar Respublikasını bu şəraitdən çıxarmaqla yanaşı, xalqımızın 101 ildən sonra tarixi ərazisini Naxçıvanla və Türkiyə ilə birləşdirmək Azərbaycanın növbəti tarixi nailiyyəti olacaq.
Azərbaycanın tarixində yeni səhifə – quruculuq missiyası başlanır. Bundan sonra Azərbaycan yalnız inkişaf edəcək. Azad edilmiş torpaqlara bundan sonra həyat qayıdacaq. Hər bir vətəndaşımız bu məsələlərdə fəal olmalıdır. Bizim hər birimiz azərbaycanlı olaraq bütün bunlardan ötrü ölkə başçısına hədsiz dərəcədə minnətdarıq.
Şəmşir Ağayev,
Ana Vətən Partiyasının
Cəlilabad rayon təşkilatının sədri