Bakıda məktəbli qız cinsi qısnamaya məruz qalıb.
Məcra.az xəbər verir ki, bu barədə “avtosfer.az” saytına məktəblinin atası məlumat verib.
Ata bildirib ki, 11 yaşlı qızı, dərs bitdikdən sonra məktəbin dəhlizində onun gəlməsini gözləyib: “Mən yolda olarkən həyat yoldaşım zəng edib dedi ki, qızım cinsi qısnamaya məruz qalması ilə bağlı zəng edib, tez özünü məktəbə çatdır. Mən məktəbə çatan vaxt həmin naməlum şəxsi tutdum və polisə təhvil vermək üçün onu zərərsizləşdirməyə çalışdım. Bu zaman ətrafda olan insanlar bizim dava etdiyimizi düşünərək onu əlimdən aldı. Həmin şəxs vəziyyətdən çıxaraq qaçıb getdi. Hadisə məktəbin təhlükəsizlik kamerasına düşüb. Həmin şəxs qızımı öncə danışdırmağa başlayıb, daha sonra isə yaxasını açaraq onu cinsi qısnamaya məruz qoyub”.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev “Qafqazinfo”ya bildirib ki, artıq həmin şəxs saxlanılıb və araşdırmalara başlanılıb: “Cinsi qısnama iddiaları ilə bağlı Nərimanov Rayon Polis İdarəsinin İstintaq Şöbəsində araşdırmalar aparılır. Araşdırmanın gedişində saxlanılan şəxsin əməli törədib-törətməməsi məlum olacaq. Polis trəfindən bütün zəruri tədbirlər icra olunur”.
***
Məktəb hadisə ilə bağlı məlumat yayıb. Saytımıza daxil olan həmin açıqlamanı təqdim edirik: “27 oktyabr saat 18:40 radələrində 30-35 yaşlı bir şəxs valideyn olduğunu deyərək məktəbə daxil olub. Həmin vaxt valideynini gözləyən V sinif şagirdinə (müvafiq səbəbdən şagirdin adı qeyd olunmur) qarşı qeyri-etik hərəkətlər edib.
Məsələ ilə bağlı valideyn tərəfindən hüquq-mühafizə orqanlarına müraciət edilib, araşdırma aparılır”.