Qarğış
(Süleyman Abdullayevə)
– Onu məktəbə götürməyənin evi dağılsın!..
İmtahan götürən müəllimlər diksindi, biri qalxıb pəncərəni örtmək istədi, biri uşaqlara çəmkirdi, gözünü bayaqdan Süleymanın ağzına dikən müəllimsə hələ də heyrətindən başını bulayırdı.
Ağa Süleymanı zənnlə süzdü: “Sənin yiyən döyüldü söyən?”
Süleyman qıpqırmızı qızardı, səsini içinə çəkdi, elə bil, bayaqdan cəh-cəh vuran o deyildi. Ürəyində Seyidi qınadı da: “Mənim yiyəm nə gəzir, Ağa? Qarabağdan səni deyib gəlməmişəmmi?”
Seyid Şuşinski Qaryaginə səs yığmağa getmişdi. Qoçəhmədlidən bir uşaq nişan verdilər – Süleyman adında. Ağa o kəndə yaxşı bələdiydi, orda iki-üç toy yola vermişdi. Hər dönə də üç gün-üç gecə oxumuşdu. Qayıdandasa çuvalnan pul gətirmişdi Bakıya.
Ağa Süleymanı görən kimi bəyəndi. Gördü toyda tökdüklərin bu uşaq bitdə-bitdə toplayıb özünə qaytarır. Amma savadsızdı.
Ağa Süleymanı Bakıya çağırdı. Süleyman imtahanlardan sonra gəldi. Ağa onu danladı, dansadı, arada yanına gəlib-getməyi tapşırdı. Yanına gəlib-getdikcə ona muğamın sirlərini öyrətdi, musiqi məktəbinin qapısın tanıtdı, gələn iləcən iş yeri tapdı. O biri ilsə dərs dediyi Asəf Zeynallı adına məktəbə çəkib gətirdi. İxtisas imtahanında şəstlə keçib başda oturdu, Süleymana “bir muğam oxu” dedi. Ustadını görəndə ürəyi üstünə gələn Süleyman qavalı götürdü, nə götürdü. Əvvəl abituriyentlər gözün ona zillədi, sonra müəllimlər, axırı Ağa özü dözmədi. “Bu qarabalanın canında nələr varmış, verdiyinə şükür, İlahi” deyə öz cavanlığını xatırladı.
Səssə öz işindəydi. İçəridəkiləri ram eləyəndən sonra çölə çıxdı, pəncərənin ağzında uşaqlarından xoş xəbər gözləyən valideynlərin əvvəl hənirin aldı, sonra nitqin qurutdu. Kişilərdən birinin ciyəri elə pörşələndi ki, axırı özün saxlaya bilmədi, Süleymanı kəsən müəllimə qarğış elədi. Ağanın cəddi qarğışın ağzın dağa-daşa çevirdi, qarğışın ağzı dağa-daşa dəydikcə alxışa dönürdü, qarğış Bayatı-Şiraz oxuyurdu, Bayatı-Kürd oxuyurdu, qarğışın bir səsi də Süleymanın boğazından gəlirdi…
– Onu əsgər aparsan, südüm sənə haram olsun!..
Ağa ayrı cür ustaydı, bir özgə müəllimiydi. Tələbələrin siftə seçirdi, sonra hamısına birdən dərs verirdi: istər birinci kurs olsun, istər axırıncı.
Süleyman birdə oxuya-oxuya ikinin də dərslərindən halıydı, üçdə oxuyanda Ağa özü də görürdü ki, ta bu qarabala onun dizinin dibinə sığınmır. Bu hində onu əsgər çağırdılar. Ağa Süleymanı da qabağına qatıb “voenkom”a gəldi. Rus katibəynən hal-əhval tutdu, birtəhər qandırdı ki, komissarın yanına Seyid Şuşinskidi gələn. Katibə içəri girməyiynən komissarın çölə çıxmağı bir oldu. Xoş-beşdən sonra Ağa məsələni qəti qoydu: bu uşaqdan hələ “soldat” çıxmaz, dərsini bitirsin, sonra.
Komissar şərt kəsdi: gələn həftə bacımın toyudu, dedi, ikinizi də dəvət eləyirəm, yaxşı oxusa, dedi, onu biryolluq saxlayacam.
Ağa əsasın götürdü, Süleyman papağın fırlatdı, deyilən gün gəlib çatdı. Bakılılar Ağanın qavalın pulnan doydurdular, Ağa məclis əhlin muğamnan. Süleyman da qısılıb oturdu bir küncdə. Qəfil komissar başının üstünü kəsdirdi: sözümüz sözdü, dedi, bu meydan, bu şeytan.
Ağa əlini şəyirdinin kürəyinə çəkdi: məktəb mənim, səs özünün. Allah xeyir versin.
Süleyman məclisi qabağa apardı – Ağa keçmiş günlərdən oxuyurdu – hamıya uzun ömür arzuladı, yaş üstünə yaş artırdı, komissarın anasına o qədər ömür verdi ki, arvad kötücələrini də gördü. Qayıdıb oğluna təpindi: “Bunu əsgər aparmaq istəyirsən? İşdi aparsan…”
Komissar dediyi sözün üstündə durdu, çağırışçı Abdullayevi biryolluq hərbi xidmətdən azad elədi. Problemlərsə bitib-tükənmirdi…
– Onu efirə buraxmayın!
Süleymanın təzəcə eyni açılırdı ki, buyğur təyinatını Əli-Bayramlıya (indiki Şirvan şəhəri) verdilər. Cəddinə qurban olduğum Seyid təzədən qapı döyəsi, ona-buna ağız açası oldu. Yenə sözü yerinə yetdi. Süleyman Filarmoniyada işləyir, ara-sıra ekrana, efirə ayaq açırdı.
Bir gün də Rübabə Muradovaynan ikisinin konsertini verdilər. Radioda canlı oxuyub ayağın eşiyə atmamış sədrin yanına çağırdılar. Bəs hali-qəziyyə belə, İran mahnısı oxumusan, yox e, fars üstdə oxumusan, belə canım sənə desin, pis oxuyursan, xoşum gəlmədi səndən, get, altı ay bərilərə üzükmə.
Süleymanın da yaşı otuz ola-olmaya, sədrin nə sözün götürə, nə də saqqalından keçib cavab qaytara bilirdi. Ta bu heç kəsə deyiləsi dərd deyildi.
Əhvalatın üstündən neçə gün keçmişdi, yəqin, indi Dədə özü də xatırlamaz, rəhmətlik Xan əmi onu yanına çağırdı. Dedi ki, səhər ikisini də Ali Sovetin sədri Məmməd İsgəndərov otağında gözləyəcək. Sədrin təpinməyi yalan oldu, Süleymanın canını qara qayğı aldı, öz aramızdı, o hara, İsgəndərov hara? Yaxşı ki, Xan əmi “çox ürəyinə salma, – demişdi, – inşallah, xeyir olar”.
İncəvara, səhəri Ali Sovetin sədri Xan əmiynən elə mehriban görüşdü ki, Süleymanın şübhəsi bir az əl yerə qoydu. Şuşinski Süleymanı sədrə nişan verdi: “O səsi xoşuna gələn gənc budu”.
Süleyman biləndə ki ölkənin ikinci adamı onun səsini, özü də radiodakı son başıbəlalı çıxışını bəyənib, uçmağa qanad axtardı. Dövlətdə qanad nə gəzirdi. İsgəndərov əvəzində ona ev təklif elədi, maşın təklif elədi, Opera və Baletdə iş təklif elədi. Teleşirkətin sədrinə onların yanındaca zəng vurub Süleymanın konsertini təkrar verməyi tapşırdı. Üç-dörd gündən sonra Süleymanın dalınca minnətçi minnətçi dalınca gəldi: bəs sədr əlimyandıda səni axtarır, deyir, gəlsin, konsertini verək, təzə mahnılarını lentə alaq. Süleyman təşəxxüs satdı, özün qaldırıb dağın başına qoydu, dedi, məndən üzr istəyin, istədilər, dedi, qadağanı geri götürün, götürdülər, dedi…
Yox, bu dəfə fələk dilləndi. İsgəndərovu işdən çıxardılar, Süleyman evsiz qaldı, işsiz qaldı, maşınsız qaldı və and içdi ki, bir də heç kimin çırağına umud olmayacaq, olmayacaq, olmayacaq…
– Məni dar ayaqda qoyub qaçan namərdlər! Görüm sizin…
Nağıl dili yüyrək olar. Ay ötdü, il dolandı, Süleyman hər telin bir xeyir işə yandırdı, hər gecəsin gözünün oduyla aydınlatdı, zülməti əliynən qova-qova gəlib Dədə yaşına çatdı. Bir də gözün açıb sağına baxdı – ustadların görmədi, soluna baxdı – dostların. Qayıdıb kəndində ölüncə baş girələmək fikrinə düşdü, dönüb yurduna baxdı, Qoçəhmədli nə gəzirdi…
Qavalını da götürüb evdən çıxdı, nəvəsi də saxlaya bilmədi onu. Aldatdı ki, tezliklə şirni alıb qayıdacaq. “Ya Qarabağ!” deyib maşının başın boşladı. Az getdi, üz getdi, gəlib Xındırıstan postunda ilişdi. Əsgərlər Dədəni tanıdılar, hal-əhval tutdular, amma “o üzə adladı yoxdu, – dedilər, – əvvəl biz, sonra sən”.
Dədə yalvardı, olmadı, üz vurdu, olmadı, axır zəngulə vurası oldu. Əsgərlər lam düşdülər, tərpənməyə heyləri qalmadı. Dədə tez istədi özün o üzə vura, səs eşidib dayandı. Torpaq Dədə Süleymanı söyürdü… Dədə əyilib torpaqdan söyüşü götürdü, öpüb gözünün üstünə qoydu, maşının ağzın geri çevirdi.
– Dədəm mənə kənddən nə gətirib?
Nəvəsinin səsiydi.
– Söyüş gətirib.
Qarabağın səsiydi…
2000-ci il
axar.az