Rusiyanın Yeysk şəhərində təyyarə yaşayış binasının həyətinə düşüb.
Axar.az xəbər verir ki, hadisə şahidlərinin sözlərinə görə, bina birinci mərtəbədən 9-cu mərtəbəyə qədər yanıb. Yanğın binanın 15 mənzilini əhatə edib.
Qeyd olunub ki, Su-34 qırıcı təyyarəsi qəzaya uğrayıb. Həlak olan və yaralananlar barədə məlumat verilməyib.
***
Rusiya Prezidenti Vladimir Putin Yeyskdə hərbi təyyarənin qəzaya uğraması nəticəsində zərər çəkənlərə bütün lazımi yardımların göstərilməsi barədə göstəriş verib.
Bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.
Dövlət başçısı vəziyyətlə bağlı nazirlərin və rayon rəhbərinin məruzələrini dinləyib.
Faktla bağlı artıq cinayət işi açılıb.
Rusiya Müdafiə Nazirliyi qəzanın təyyarə havaya qalxarkən mühərriklərdən birinin alovlanması nəticəsində baş verdiyini bildirib.
Pilotun katapult edərək xilas olduğu qeyd olunub.
***
Yeysk şəhərində Su-34 qırıcısının yaşayış ərazisinə düşməsi nəticəsində 2 nəfər ölüb, 15-i isə yaralanıb.
Bu barədə ölkənin Fövqəladə Hallar Nazirliyinin Baş İdarəsi məlumat yayıb.
***
Su-34-ün qəzaya uğraması nəticəsində xəsarət alanların sayı 19 nəfərdir, onlardan 4-nün vəziyyəti ağırdır.
Ölənlərin sayı 3 nəfərdir, onların arasında 8-10 yaşlı uşaq da var.
***
Su-34-ün qəzaya uğraması nəticəsində xəsarət alanların sayı 25 nəfərə çatıb, ölənlərin sayı isə 5 nəfərə yüksəlib.
***
Yeysk şəhərində Su-34 qırıcısının yaşayış ərazisinə çırpılması nəticəsində ölənlərin sayı 6-ya çatıb.
Bu barədə “Baza” məlumat yayıb.
Bildirilib ki, yaralıların sayı 27-yə yüksəlib, daha bir neçə nəfər itkin düşmüş hesab edilir.
Qeyd olunub ki, binada plitələrin çökməyə başlaması xilasetmə əməliyyatına mane olur.
Rəsmi məlumatda 4 nəfərin ölümü təsdiqlənib, 6 nəfər isə itkin sayılır. Yaralılardan 5-nin vəziyyəti çox ağırdır.
***
Yeyskdə yaşayış binasında baş verən yanğın tam söndürülüb.
Bu barədə Krasnodar vilayətinin Mülki Müdafiə və Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
“250 nəfər, o cümlədən 40 uşaq təxliyə edilib. 25 nəfər yaralanıb, onlardan 4-ü dünyasını dəyişib. 6 nəfərlə əlaqə yoxdur. Axtarış işləri davam edir”, – məlumatda bildirilib.
Qeyd edək ki, daha öncə 6 nəfərin öldüyü barədə məlumat yayılmışdı.