“Vaxtı keçmiş malların mağazalarda olması təsadüfi məsələ deyil. Əgər mağazada bir dənə vaxtı keçmiş mal tapılarsa, qanunlar işləsə, onları 1500 manat cərimə gözləyir. Lakin biz bunu da bilməliyik ki, hər gün yüz tonlarla malın yararlılıq vaxtı keçir və bəs o mallar necə olur?!”
Bunu Məcra.az-a açıqlamasında Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov deyib. Ekspert Azərbaycanda vaxtı keçmiş malların yararlılıq tarixinin dəyişdirilərək dükanlarda satıldığını bildirib:
“Vaxtı keçmiş malların yığışdırılıb məhvetmə prosedurası həddən artıq primitivdir. Adətən vaxtı keçmiş mal dükandan yığışdırılır, distiribüterə qaytarılır, o da malı istehsalçıya qaytarır, istehsalçı isə onun formasını dəyişib yenidən dükanlara göndərir. Təsadüfi deyil ki, Azad İstehlakçılar Birliyinə daxil olan şikayətlər siyahısında yararılılıq müddəti üstündə olan malın içinin açılaraq yararsız halda olmasıyla bağlı məlumatlar daxil olur. Yəni biz alqoritimlə razı deyilik, yararılıq vaxtı keçmiş mal təşkil olunmuş şəkildə yığılmalıdır və birbaşa zibilxanaya aparılmalıdır. Azərbaycanda onlarla istehsal müəssisəsi var və yalnız iki ay bundan öncə bir müəssisənin özünün təşəbbüsü ilə AQTA-nin və Azad İstehlakçılar Birliyinin Sumqayıt şəhər şöbəsinin iştirakı ilə Sumqayıt poliqonunda 100 tona yaxın yararlılıq müddəti keçmiş mallar məhv edildi. Bunu isə “Azərsun” Holdinq şirkəti həyata keçirdi. Bundan sonra bu təşəbbüsə “Milla” şirkəti də qoşuldu. Onların da xeyli vaxtı keçmiş malı poliqonda məhv edildi.
Bəs nə üçün digər şirkətlər bu təşəbbüsə qoşulmur, o vaxtı keçmiş mallar necə olur?! Bunlar sual altındadır. Belə malların son istehlakçısı təəssüflər olsun ki, bizlər oluruq. Ona görə hökumət elə bir iş aparmalıdır ki, yararılılıq vaxtı keçmiş 100 tonlarla mallar gündəlik ya heyvan üçün qidaya çevrilsin, yaxud da birbaşa zibilxanalarda məhvə məruz qalsın. Təəssüf ki, bu baş vermir. Ona görə də “Araz” marketdə vaxtı keçmiş malın tapılması təsadüfi deyil. Məsləhət görürəm ki, bu cür hallarla insanlar rastlaşanda AQTA-nin 1003 qaynar xəttinə məlumat versinlər”.
Qeyd edək ki, “Araz” marketin paytaxtın Xətai rayonu, Gəncə prospektində yerləşən şöbəsində 26.09.2022-ci il istehsalı olan və istifadə tarixi 8 oktyabrda bitən “Fresh” kəsmiyi aşkar edilib. Bu haqda xəbəri Yenipress.az saytı yayıb.