9 noyabr – Azərbaycan dövlətinin rəmzinə hörmət və ehtiramın simvoludur. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2009-cu il noyabrın 17-də imzaladığı Sərəncamla hər il noyabrın 9-u ölkədə Dövlət Bayrağı Günü kimi qeyd edilir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 105-ci maddəsinə əsasən bu bayram ölkədə qeyri-iş günü olan bayramların siyahısına daxil edilib. Dövlət Bayrağı Gününün qeyd olunması Azərbaycan Xalq Cümhuriyyətinin tarixi ilə bağlıdır.
Prezident İlham Əliyev hər zaman dövlət rəmzlərinə yüksək dəyər verir. Dövlətimizin başçısı demişdir: “Bayrağımız eşidilən səsimiz, duyulan nəfəsimizdir. Bizim bayrağımız qürur mənbəyimizdir. Azərbaycan Respublikası müstəqilliyini bərpa etdikdən sonra Azərbaycanın Dövlət Bayrağı milli suverenliyin simvolu kimi ölkəmizin bütün vətəndaşları üçün müqəddəs dövlətçilik rəmzlərindən birinə çevrilib. Bizim bayrağımız qürur mənbəyimizdir. Bizim bayrağımız canımızdır, ürəyimizdir”.
Bayraqları bayraq edən üstündəki qandır. Vətənin müdafiəsi zamanı həlak olmuş şəhidlərimiz torpağa tapşırılarkən, onlar uğrunda canlarını fəda etdikləri bayrağa bükülürlər. Həmin şərəfə hər kəsin sahib olmayacağını bildiyimiz üçün ən azından həyatda ikən bayrağımızın yüksək zirvələrə daşınması naminə işlər görməliyik. Hazırda düşmənin darmadağın etdiyi şəhərlərin və kəndlərin bərpası sürətlə davam etdirilir, Böyük Qayıdış çərçivəsində böyük addımlar atılır. İşğaldan azad olunmuş ərazilərə həyat yenidən qayıdır: infrastruktur obyektləri ilə paralel olaraq, yaşayış kompleksləri, məktəb binaları tikilib istifadəyə verilir, yenilərinin təməli qoyulur.
Bu bayrağın önündə əsgər övladlarımız baş əyərək, and içdi, döyüşlərə atıldı. Vətənə sədaqətini dünyaya bəyan etdi. Bu sadiqliyimizi heç zaman unutmayaq!
Aydın Hüseynov,
Siyasi şərhçi