Şəmkirdə baş vermiş qətlin bəzi təfərrüatı məlum olub.
Oxu.Az-ın məlumatına görə, Şəmkir rayon Zəyəm qəsəbəsində 1959-cu il təvəllüdlü Azad Mahmudov yaşadığı evdə mübahisə zəminində bıçaqlanıb. O, xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb.
Hadisəni törətməkdə şübhəli bilinən isə onun həmyerlisi, 1973-cü il təvəllüdlü Sadıx İsmayılovdur. O, polis əməkdaşları tərəfindən saxlanılıb və istintaqa təhvil verilib.
Qəsəbə sakinlərinin bildirdiyinə görə, hər iki tərəf sakit təbiətli olub və kənd təsərrüfatı ilə məşğul imiş. Cinayətdən 2 gün öncə tərəflər arasında salam verməməyə görə mübahisə düşüb. Daha sonra S.İsmayılovun qardaşı və daha bir neçə nəfər onları barışdırmaq üçün mərhumun evinə gediblər. Lakin həmin evdə yenidən tərəflər arasında mübahisə düşüb və A.Mahmudov bıçaqlanaraq qətlə yetirilib. Hadisə zamanı mərhumun oğlu da evdə olub.
Həyat yoldaşı isə Rusiyada yaşayan qızının ailəsinin yanında olub.
Qeyd edək ki, A.Mahmudov uzun illər öncə stomatoloq çalışıb. Daha sonra Rusiyaya çalışmağa gedib, bir müddət orada yaşayıb. 10 il əvvəl ölkəyə qayıdıb və qəsəbədə kənd təsərrüfatı ilə məşğul olub.
Faktla bağlı Şəmkir Rayon Prokurorluğunda araşdırma aparılır.