Azərbaycanın beynəlxalq nüfuzu və strateji tərəfdaşlıq imkanları

XƏBƏR XƏTTİ
Ukraynalı futbolçu müharibədə həlak oldu•Xırdalanda gənc oğlan binadan yıxılıb öldü•Bazar günü yaz havası olacaq•Kitab sərgisinə gedənlərin nəzərinə!•Reyhan bu ilki yığım mövsümündə rekord məhsuldarlıqla fermerləri təəccübləndirdi•Füzuliyə köçən 1000-dən çox sakin işlə təmin olundu•Yaşamaq üçün dünyanın ən yaxşı yerləri açıqlandı – Siyahı•Eks-icra başçısının xanımı da ifadə verdi – “Oğlum çox şeyi onunla məsləhətləşirdi”•Ukraynalı futbolçu müharibədə həlak oldu•Xırdalanda gənc oğlan binadan yıxılıb öldü•Bazar günü yaz havası olacaq•Kitab sərgisinə gedənlərin nəzərinə!•Reyhan bu ilki yığım mövsümündə rekord məhsuldarlıqla fermerləri təəccübləndirdi•Füzuliyə köçən 1000-dən çox sakin işlə təmin olundu•Yaşamaq üçün dünyanın ən yaxşı yerləri açıqlandı – Siyahı•Eks-icra başçısının xanımı da ifadə verdi – “Oğlum çox şeyi onunla məsləhətləşirdi”•

Tarixi İpək Yolunun mühüm qovşaqlarından birində yerləşən Azərbaycan əlverişli geostrateji mövqeyi, zəngin təbii sərvətləri, iqtisadi potensialı və Şərqlə Qərb arasında formalaşdırdığı çoxşaxəli əlaqələri ilə beynəlxalq münasibətlər sistemində özünəməxsus yer tutur. Ölkəmizin beynəlxalq nüfuzu yalnız coğrafi mövqeyi ilə deyil, həm də həyata keçirdiyi müstəqil xarici siyasət kursu, enerji təhlükəsizliyinə verdiyi töhfələr, nəqliyyat-kommunikasiya imkanları və regional əməkdaşlığın inkişafına yönəlmiş təşəbbüsləri ilə şərtlənir.

Müasir dövrdə dövlətin gücü təbii sərvətləri ilə yanaşı, siyasi sabitliyi, iqtisadi dayanıqlılığı, institusional inkişafı və beynəlxalq tərəfdaşlıq imkanları ilə də müəyyən olunur. 1991-ci ildə dövlət müstəqilliyini bərpa edən Azərbaycan müstəqilliyin ilk illərində ciddi siyasi, iqtisadi və təhlükəsizlik problemləri ilə üzləşmişdir. Siyasi qeyri-sabitlik, iqtisadi çətinliklər və Ermənistanın ölkəmizə qarşı hərbi təcavüzü dövlət quruculuğu prosesinə mənfi təsir göstərmişdir. Sonrakı mərhələdə siyasi sabitliyin təmin edilməsi, iqtisadi islahatların həyata keçirilməsi və beynəlxalq əlaqələrin genişləndirilməsi Azərbaycanın inkişaf strategiyasının əsas istiqamətlərinə çevrilmişdir.

Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi inkişaf strategiyasının sonrakı dövrdə Prezident İlham Əliyev tərəfindən ardıcıl şəkildə davam etdirilməsi ölkəmizin siyasi və iqtisadi potensialının güclənməsində mühüm rol oynamışdır. Xüsusilə enerji strategiyasının uğurla həyata keçirilməsi, xarici investisiyaların cəlb olunması və beynəlxalq enerji layihələrinin reallaşdırılması Azərbaycanın dünya iqtisadiyyatına inteqrasiyasını sürətləndirmiş, ölkəmizin beynəlxalq enerji təhlükəsizliyindəki mövqeyini möhkəmləndirmişdir.

Azərbaycanın xarici siyasətində milli maraqların qorunması, dövlətlərin suverenliyinə və ərazi bütövlüyünə hörmət, qarşılıqlı faydalı əməkdaşlığın genişləndirilməsi və beynəlxalq hüquq prinsiplərinə əsaslanan münasibətlərin inkişafı mühüm yer tutur. Avropa dövlətləri ilə enerji və iqtisadi əlaqələrin möhkəmləndirilməsi, türk dövlətləri ilə strateji tərəfdaşlığın inkişafı, Asiya ölkələri ilə siyasi, iqtisadi və ticarət münasibətlərinin genişləndirilməsi ölkəmizin beynəlxalq əlaqələrinin coğrafiyasını daha da zənginləşdirir. Bu siyasət Azərbaycanın geostrateji imkanlarından səmərəli istifadə etməsinə, regional və qlobal proseslərdə fəal iştirakına şərait yaradır.

Azərbaycanın müasir tarixində ərazi bütövlüyünün və suverenliyinin bərpası xüsusi əhəmiyyət daşıyır. Bu tarixi nailiyyət dövlət quruculuğunda yeni mərhələnin əsasını qoymuş, işğaldan azad edilmiş ərazilərin bərpasını, keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışını və həmin ərazilərin ölkə iqtisadiyyatına reinteqrasiyasını prioritet vəzifələrə çevirmişdir. Həyata keçirilən genişmiqyaslı bərpa və quruculuq işləri Azərbaycanın gələcək inkişafına, iqtisadi potensialının artırılmasına və regionda davamlı sülhün möhkəmləndirilməsinə xidmət edir.

Bu baxımdan, 2026-cı il oktyabrın 15-də Bakıda Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) 7-ci Zirvə Görüşünün keçirilməsi Azərbaycanın beynəlxalq əməkdaşlıq imkanlarının genişləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. Asiya dövlətləri arasında dialoqun, qarşılıqlı etimadın və əməkdaşlığın inkişafına xidmət edən bu platformanın Bakıda təşkili ölkəmizin çoxtərəfli diplomatiyaya verdiyi önəmi, beynəlxalq təşəbbüslərdə fəal iştirakını və müxtəlif dövlətlərlə münasibətlərin dərinləşdirilməsinə yönəlmiş siyasətini bir daha nümayiş etdirir.

Belə beynəlxalq tədbirlər dövlətlər arasında siyasi dialoqun inkişafı ilə yanaşı, iqtisadi əməkdaşlıq, nəqliyyat bağlantıları, enerji təhlükəsizliyi, regional sabitlik və dayanıqlı inkişaf kimi mühüm məsələlərin müzakirəsi üçün də əlverişli imkan yaradır. Müasir dünyada geosiyasi rəqabətin, regional münaqişələrin və təhlükəsizlik çağırışlarının artdığı bir şəraitdə dövlətlər arasında etimadın gücləndirilməsi, fikir ayrılıqlarının dialoq yolu ilə aradan qaldırılması və ortaq maraqlar əsasında əməkdaşlığın qurulması xüsusi aktuallıq daşıyır.

Prezident İlham Əliyevin Zirvə Görüşündəki çıxışı Azərbaycanın xarici siyasət prioritetlərinin, beynəlxalq münasibətlərə yanaşmasının və qlobal əməkdaşlıq məsələlərinə münasibətinin ifadəsi baxımından diqqətəlayiqdir. Dövlət başçısının çıxışında səsləndirilən mövqelər Azərbaycanın suverenliyin qorunmasına, dövlətlər arasında bərabərhüquqlu münasibətlərin inkişafına, beynəlxalq hüququn norma və prinsiplərinə hörmətə, eləcə də qarşılıqlı faydalı əməkdaşlığın genişləndirilməsinə verdiyi əhəmiyyəti ön plana çıxarır.

Azərbaycanın təcrübəsi göstərir ki, beynəlxalq mövqelərin möhkəmləndirilməsi ardıcıl siyasi kurs, məqsədyönlü iqtisadi inkişaf və milli maraqlara əsaslanan diplomatik fəaliyyətin vəhdətindən asılıdır. Bu baxımdan, AQEM çərçivəsində keçirilən görüşlər və aparılan müzakirələr ölkəmizin beynəlxalq dialoqun inkişafına verdiyi töhfələrin təqdim olunması, yeni əməkdaşlıq imkanlarının müəyyənləşdirilməsi və qarşılıqlı maraqlara əsaslanan tərəfdaşlıqların möhkəmləndirilməsi üçün əhəmiyyətli platformadır.

Zirvə Görüşünün əhəmiyyətini artıran əsas amillərdən biri də Azərbaycanın Avropa ilə Asiya arasında nəqliyyat, enerji və ticarət əlaqələrinin inkişafındakı roludur. Qlobal iqtisadi münasibətlərin yenidən formalaşdığı müasir dövrdə etibarlı nəqliyyat dəhlizləri və fasiləsiz logistika marşrutları dövlətlər arasında iqtisadi əlaqələrin genişləndirilməsi, beynəlxalq ticarətin inkişafı və regional əməkdaşlığın gücləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Azərbaycanın əlverişli coğrafi mövqeyi, nəqliyyat infrastrukturuna yatırılan investisiyalar və beynəlxalq layihələrdə iştirakı ölkəmizin bu sahədəki imkanlarını daha da artırır.

Bütün bunlar göstərir ki, Azərbaycan müasir beynəlxalq münasibətlər sistemində yalnız strateji coğrafi mövqeyə malik ölkə kimi deyil, həm də etibarlı tərəfdaş, enerji və nəqliyyat təhlükəsizliyinə töhfə verən dövlət, regional əməkdaşlığın inkişafında maraqlı olan fəal iştirakçı kimi çıxış edir. Bakıda keçirilən AQEM-in 7-ci Zirvə Görüşü də ölkəmizin beynəlxalq əməkdaşlığın genişləndirilməsinə, qarşılıqlı etimadın möhkəmləndirilməsinə və ortaq problemlərin dialoq yolu ilə həllinə verdiyi əhəmiyyətin nümayişi baxımından diqqətəlayiqdir. Azərbaycanın həyata keçirdiyi müstəqil və çoxşaxəli xarici siyasət ölkəmizin beynəlxalq mövqelərinin daha da möhkəmlənməsi, yeni tərəfdaşlıqların qurulması və regional inkişaf proseslərinə töhfələrin artırılması üçün geniş imkanlar yaradır.

 

Şəbnəm Eldarova

Pirallahı Rayon İcra Hakimiyyətinin əməkdaşı

 

Etiketlər:
Paylaş:FacebookTelegramWhatsAppLinkedInE-poçt