AQEM zirvəsi: Azərbaycanın haqq səsi və dəyişməz mövqeyi

XƏBƏR XƏTTİ
Reyhan bu ilki yığım mövsümündə rekord məhsuldarlıqla fermerləri təəccübləndirdi•Füzuliyə köçən 1000-dən çox sakin işlə təmin olundu•Yaşamaq üçün dünyanın ən yaxşı yerləri açıqlandı – Siyahı•Eks-icra başçısının xanımı da ifadə verdi – “Oğlum çox şeyi onunla məsləhətləşirdi”•Ukrayna müharibəsində daha bir azərbaycanlı həlak oldu – FOTO•AQEM zirvəsi: Azərbaycanın haqq səsi və dəyişməz mövqeyi•Beşinci Gəncə terrorundan 6 il ötür•Füzuli şəhəri günüdür•Reyhan bu ilki yığım mövsümündə rekord məhsuldarlıqla fermerləri təəccübləndirdi•Füzuliyə köçən 1000-dən çox sakin işlə təmin olundu•Yaşamaq üçün dünyanın ən yaxşı yerləri açıqlandı – Siyahı•Eks-icra başçısının xanımı da ifadə verdi – “Oğlum çox şeyi onunla məsləhətləşirdi”•Ukrayna müharibəsində daha bir azərbaycanlı həlak oldu – FOTO•AQEM zirvəsi: Azərbaycanın haqq səsi və dəyişməz mövqeyi•Beşinci Gəncə terrorundan 6 il ötür•Füzuli şəhəri günüdür•

15 oktyabr 2026-cı il tarixində paytaxt Bakı Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) 7-ci Zirvə Görüşünə ev sahibliyi edib. Mötəbər tədbirdə dövlətimizin başçısı çıxış edərək mühüm fikirlər səsləndirib, Azərbaycanın mövqeyini bir daha aydın və qətiyyətlə ortaya qoyub.

Ölkə başçısının çıxışında xüsusilə iki məqam diqqəti cəlb edib. Birincisi, dövlətlərin bir-birinin daxili işlərinə qarışmaması prinsipi, ikincisi isə Azərbaycan-Ermənistan münasibətlərinin dünəni, bu günü və gələcəyi, eləcə də ölkəmizin uzun illər üzləşdiyi ikili standartlar siyasəti.

İkinci məsələ ilə bağlı deyiləcək sözlər həqiqətən də tükənməzdir. Azərbaycan müstəqilliyini bərpa etdiyi ilk illərdən etibarən Ermənistanın hərbi təcavüzü ilə üz-üzə qaldı. Qısa müddət ərzində ərazilərimizin 20 faizi işğal edildi, bir milyona yaxın soydaşımız doğma yurd-yuvasından didərgin salındı, yüzlərlə vətən övladı həyatını, sağlamlığını itirdi. Azərbaycanın şəhər və kəndləri dağıdıldı, tarixi-mədəni irsimizə ağır zərbə vuruldu. Bütün bunlar baş verərkən beynəlxalq ictimaiyyətin reaksiyası isə təəssüf doğuracaq qədər qeyri-adekvat oldu. İşğalçıya qarşı uzun illər ərzində təsirli sanksiyaların tətbiq edilməməsi, BMT Təhlükəsizlik Şurasının qətnamələrinin icrasının təmin olunmaması və Ermənistanın işğal siyasətinin faktiki olaraq cəzasız qalması ədalətsizliyin nə qədər dərin olduğunu göstərdi.

Azərbaycan-Ermənistan münaqişəsinin sülh yolu ilə həlli məqsədilə yaradılmış ATƏT-in Minsk qrupu isə illər ərzində real nəticəyə gətirib çıxarmayan danışıqlar prosesinin davam etməsinə göz yumdu. İşğalın yaratdığı status-kvo reallıq kimi qəbul edilməyə başladı. Lakin bütün bu proseslərdə nəzərə alınmayan bir mühüm amil vardı: Azərbaycan xalqının dönməz iradəsi.

Məhz Azərbaycan dövlətinin və xalqının sarsılmaz birliyi, milli iradəsi və qətiyyəti tarixin axarını dəyişdi. Dünya siyasətinin ən güclü aktorlarının fərqli mövqelərinə baxmayaraq, Azərbaycan öz haqqını və ərazi bütövlüyünü bərpa etdi. 44 gün davam edən Vətən müharibəsində yazılan Zəfər dastanı nəticəsində torpaqlarımız işğaldan azad olundu.

Bu gün Azərbaycan xalqı qalib və qürurlu xalq kimi başıuca yaşayır. Biz öz gücümüzə arxalanaraq yenilməz hesab ediləni məğlub etdik, keçilməz sayılan sədləri aşdıq. Ən əsası isə öz taleyimizi özümüz müəyyən etdik.

Lakin Azərbaycan qələbədən sonra da düşmənçilik siyasətinin davam etdirilməsini deyil, sülhün bərqərar olmasını seçdi. Torpaqlarımızı işğal edən, şəhər və kəndlərimizi dağıdan tərəfə belə sülh əlini uzatmaqla Azərbaycan özünün dövlətçilik mədəniyyətini, siyasi iradəsini və humanist mövqeyini nümayiş etdirdi. Bu, Azərbaycan xalqının mərdliyinin və siyasi uzaqgörənliyinin daha bir göstəricisi oldu.

Sülh prosesinin təşəbbüskarı və əsas hərəkətverici qüvvələrindən biri məhz Azərbaycan oldu. Buna görə də bu gün Ermənistandan “sülh göyərçini” obrazı yaratmağa çalışanların təqdim etdiyi mənzərə tarixi reallıqları əvəz edə bilməz. Bununla yanaşı, bugünkü sülh gündəliyinə baxmayaraq, Azərbaycan öz tarixi həqiqətlərinin təhrif edilməsinə, işğalın və onun ağır nəticələrinin unutdurulmasına, Ermənistanın keçmiş rəhbərlərinin məsuliyyətinin pərdələnməsinə imkan verməyəcək. Otuz ilə yaxın davam edən işğal, yüz minlərlə azərbaycanlının doğma yurdlarından qovulması, şəhər və kəndlərimizin dağıdılması, Xocalı soyqırımı, tarixi və mədəni irsimizə qarşı törədilmiş vandalizm aktları nə xalqımızın yaddaşından, nə də tarixdən silinə bilər.

Hakimiyyət dəyişikliyi dövlətin tarixini və əvvəlki rəhbərlərin fəaliyyətinin nəticələrini aradan qaldırmır. Ermənistanın indiki rəhbərliyi də keçmişin ağır mirası qarşısında konkret seçim etməlidir. Təcavüzkar siyasətin nəticələrindən siyasi məqsədlər üçün istifadə etmək cəhdlərinə son qoyulmalı, sülh barədə bəyanatların real məzmun daşıdığı konkret addımlarla sübut edilməlidir. Çünki sülhdən danışmaq kifayət deyil. Azərbaycanın suverenliyinə hörmət edilməli, ərazi iddialarından birdəfəlik imtina olunmalı, tarixi həqiqətlərin təhrif edilməsinə son qoyulmalı və keçmişdə törədilmiş əməllərlə bağlı məsuliyyətdən yayınmaq cəhdlərinə yol verilməməlidir.

Beləliklə, AQEM-in 7-ci Zirvə Görüşü və dövlətimizin başçısının burada səsləndirdiyi fikirlər yalnız Azərbaycanın mövqeyinin ifadəsi deyil, həm də beynəlxalq ictimaiyyətə ünvanlanmış aydın və qətiyyətli mesajdır. Bu mesajın mahiyyəti ondan ibarətdir ki, Azərbaycan sülhə hazırdır, amma ədalətsiz sülhə yox. Azərbaycan gələcəyə baxır, amma tarixini unutmaq bahasına yox. Çünki Zəfərlə yazılan tarix yalnız keçmişin salnaməsi deyil — Azərbaycanın bundan sonrakı yolunun da möhkəm təməlidir.

 

Xəyalə Cavanşirli

Pirallahı Rayon İcra Hakimiyyəti başçısı Aparatının

İctimai-siyasi və humanitar məsələlər sektorunun baş məsləhətçisi

Etiketlər:
Paylaş:FacebookTelegramWhatsAppLinkedInE-poçt