Prezident İlham Əliyev AQEM-in 7-ci Zirvə görüşündə demişdir ki, 2020-ci ilin Vətən müharibəsi 44 gün davam etmişdir. Bu müddət ərzində Azərbaycan erməni işğalçılarını zəbt olunmuş torpaqlardan qovaraq döyüş meydanında 300-dən çox şəhər və kəndi azad etdi. 2020-ci il noyabrın 10-da Ermənistan kapitulyasiya aktı imzaladı. Müharibə dayandı, lakin Azərbaycan ərazilərinin bir hissəsi hələ də işğal altında qalırdı.
Beynəlxalq münasibətlərdə anaxronizm və atavizmin iki nümunəsi olan Avropa Parlamenti və Avropa Şurası davamlı təcavüz qurbanı olan Azərbaycanı hədəfə alırdı və təcavüzkar Ermənistanı həvəsləndirirdi.
Münaqişənin həlli üçün yaradılmış ATƏT-in Minsk qrupu məsələni inhisara götürmüş və münaqişənin dondurulmasına yönəlmiş fəaliyyət həyata keçirən həmsədrlər tərəfindən iflic vəziyyətə salınmışdı.
2020-ci ilin iyul və avqustunda Ermənistan iki hərbi təxribat törətdi və nəticədə azərbaycanlı hərbçilər həlak oldular. Azərbaycan xalqının səbri tükəndi və haqq-hesab vaxtı gəldi.
Üç il ərzində Azərbaycan öz suverenliyinin tam bərpası məsələsini sülh yolu ilə həll etməyə çalışırdı. Lakin Ermənistan atəşkəsdən öz hərbi qüvvəsini bərpa etmək və artıq Qərbdən olan yeni havadarlarının köməyi ilə Azərbaycana yenidən hücum etmək üçün bir fürsət kimi istifadə edirdi. 2023-cü ilin sentyabrında məhz bu baş verdi və həmin vaxt Azərbaycan əsgərinin “Dəmir yumruğu” yenidən öz sözünü dedi.
Bir sutkadan da az müddətdə Ermənistanın Qarabağdakı işğalçı ordusu tamamilə darmadağın edildi. Azərbaycan öz suverenliyini və ərazi bütövlüyünü tam bərpa etdi, separatizmə son qoydu. Separatçıların liderləri, müharibə cinayətkarları və uşaq qatilləri isə Azərbaycan məhkəməsi qarşısına gətirildi.
Bu, mahiyyətinə və formasına görə Nürnberq tribunalının analoqu idi. Lakin bu dəfə müttəhimlər kürsüsündə erməni faşistləri oturmuşdular.
Elşad Mansurov,
Təqaüddə olan müəllim, Əliqasımlı kənd sakini