24 sentyabr 2026-cı il tarixində Pirallahı Rayon İcra Hakimiyyəti və Bakı Şəhər Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə “27 Sentyabr – Anım Günü”nə həsr olunmuş ağacəkmə aksiyası keçirilib.
Mecra.az xəbər verir ki, Pirallahı qəsəbəsi, Səməd Vurğun küçəsində keçirilən aksiyada Rayon İcra Hakimiyyətinin başçısı Vasif İmanov, Yeni Azərbaycan Partiyası Pirallahı Rayon Təşkilatının sədri Emil Abasov, Pirallahı Bələdiyyəsinin sədri Əli Kərimov, Bakı Şəhər Gənclər və İdman İdarəsinin rəisi Dənyar Teymurlu, paytaxt ərazisində fəaliyyət göstərən gənclər və idman sektorlarının rəhbərləri, Rayon İcra Hakimiyyəti başçısının Aparatının məsul əməkdaşları, idarə və müəssisə rəhbərləri, habelə məktəblilər iştirak ediblər.
Aksiyada çıxış edən Pirallahı Rayon İcra Hakimiyyətinin başçısı Vasif İmanov bildirib ki, Vətən müharibəsində Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsi xalqımız üçün daim müqəddəsdir. Qeyd olunub ki, şəhidlərimizin xatirəsinin ehtiramla yad edilməsi, onların göstərdikləri qəhrəmanlığın gənc nəslə çatdırılması və Vətənə bağlılıq hisslərinin gücləndirilməsi hər birimizin mənəvi borcudur. Bildirilib ki, bu kimi aksiyalar həm şəhidlərimizin xatirəsinin yaşadılmasına, həm də gənclərin vətənpərvərlik ruhunda tərbiyə olunmasına mühüm töhfə verir.
Bakı Şəhər Gənclər və İdman İdarəsinin rəisi Dənyar Teymurlu çıxışında “27 Sentyabr – Anım Günü”nün xalqımız üçün xüsusi əhəmiyyət daşıdığını qeyd edib. O bildirib ki, Vətən uğrunda canından keçən şəhidlərin xatirəsi daim ehtiramla yad olunur, onların qəhrəmanlığı və Vətən sevgisi gənc nəslə örnəkdir. Bu istiqamətdə keçirilən tədbirlərin gənclərin milli-mənəvi dəyərlərə bağlılığının və vətənpərvərlik hisslərinin gücləndirilməsində mühüm rol oynadığı vurğulanıb.
Aksiya çərçivəsində 150-dən çox şam ağacı əkilib, ağacların qorunması və suvarılması ilə bağlı müvafiq təşkilati və texniki tədbirlər görülüb.
Tədbirin sonunda iştirakçılar çay süfrəsi ətrafında bir araya gəlib, həmçinin xatirə şəkli çəkdiriblər.
