27 Sentyabr – Anım Günü ərəfəsində Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilov şəhid ailələrini ziyarət edib.RİH başçısı Vətənimizin azadlığı, ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlər İsmayılov Anar, Ağayev Elçin, Qənbərli Rəşad və Əliyev Elməddinin ailə üzvləri ilə görüşüb.
Mecra.az xəbər verirlər ki, görüşlər zamanı Rafiq Cəlilov şəhidlərimizin Vətən qarşısında göstərdikləri misilsiz xidmətlərdən, onların qəhrəmanlığından və fədakarlığından danışaraq bildirib ki, şəhidlərimizin əziz xatirəsi xalqımızın yaddaşında daim yaşayacaq, onların həyat yolu və qəhrəmanlığı gələcək nəsillər üçün əsl örnək olacaq.Rayon İcra Hakimiyyəti başçısı qeyd edib ki, dövlətimiz və xalqımız şəhidlərimizin əziz xatirəsini hər zaman uca tutur. Şəhid ailələri, qazilər dövlətin diqqət və qayğısı ilə əhatə olunub.
Cəlilabad rayonunda da şəhid ailələrinin və qazilərin sosial-məişət məsələlərinin həlli, onların qayğı və ehtiyaclarının qarşılanması istiqamətində tədbirlər davam etdirilir.Daha sonra RİH başçısı Rafiq Cəlilov şəhid atalarının iştirakı ilə Göytəpə şəhərində yerləşən naməlum şəhidlərin məzarlarını ziyarət edib. Şəhid məzarlarının önünə gül dəstələri düzülüb, Vətənimizin azadlığı və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərin ruhuna dualar oxunub, onların əziz xatirəsi ehtiramla yad edilib.
Şəhid ailələri onlara göstərilən diqqət və qayğıdan razılıqlarını ifadə edərək, Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.

















